Şrift:
Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş rəqs festivalı təşkil olunub
05.12.2019 [10:03] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli rəqs ustası, xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş rəqs festivalı keçirilib. Tədbirdə Mədəniyyət evinin bədii rəhbəri G.İskəndərova, Mərdəkan Mədəniyyət Sarayının rəqs ustası D.Abdullayeva festivalın əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıblar. Daha sonra xalq artisti Əminə Dilbazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və başqa əsərlərdə də rəqslərə quruluş verib.
Festivalda Xəzər rayonu ərazisində yerləşən məktəblərin şagirdləri iştirak ediblər.
Sonda festivalda iştirak edən şagirdlər diplomlarla təltif olunublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed