Şrift:
Malayziyanın turizm şirkətləri Azərbaycana böyük maraq göstərir
06.12.2019 [10:37] - İqtisadiyyat
Azərbaycanın Malayziyadakı Səfirliyinin təşəbbüs və dəstəyi, həmçinin Malayziyada fəaliyyət göstərən “GM Travel House” şirkətinin təşkilatçılığı ilə bu ölkənin 220 turizm şirkətindən nümayəndə heyətinin ölkəmizə səfəri davam etməkdədir. Səfirlikdən verilən məlumata görə, hər biri 44 nəfərdən ibarət olmaqla 5 fərqli qrupa bölünən nümayəndə heyətinin ilk hissəsi cari ilin 10 noyabr tarixində Azərbaycana gəlmişdir. Nümayəndə heyətinin sonuncu qrupunun səfəri 15-18 dekabr tarixlərinə nəzərdə tutulub. Şirkət nümayəndələri ölkəmizin turizm potensialı, o cümlədən mədəni-tarixi obyektləri, milli mətbəxi, ekoturizm şəraiti, mehmanxana imkanları, ölkədaxili nəqliyyat infrasturkturu və yerli tərəf müqabili şirkətlərlə tanışlıq məqsədilə səfər etməkdədirlər. Qeyd edək ki, bu, Malayziyanın turizm şirkətlərindən Azərbaycana indiyə qədər səfər etmiş ən geniş nümayəndə heyəti sayılır. Məsələ ilə əlaqədar ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyev Azərbaycan-Malayziya münasibətlərində turizm sahəsinin xüsusi yer tutduğunu, bir çox xüsusiyyətlərinə görə Azərbaycanın malayziyalı turistlər üçün yeni və cəlbedici marşrut olduğunu bildirib. Xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsində turizmin xüsusi önəminin olduğunu vurğulayan səfir, iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün Azərbaycan və Malayziyanın dövlət və hökumət başçılarının aydın və güclü iradəsinin mövcudluğunu vacib amil kimi qeyd edib. Malayziyada yaşayan özbək icmasının fəallarından, eyni zamanda təşkilatçı “GM Travel House” şirkətinin direktoru Gulnora Khamidova isə səfərin uğurla davam etdiyini, təmsil etdiyi şirkətin belə bir təşəbbüsə qoşulmasından məmnun olduğunu bildirib. O, həmçinin Azərbaycanın malayziyalı turistlər üçün oxşarsız zənginlik, istirahət və məkanlar təklif etdiyini vurğulayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed