Şrift:
Fiziki məhdudiyyətli insanların iştirakı ilə "Solğun sevgilər" tamaşasının premyerası olub
09.12.2019 [09:58] - Mədəniyyət
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Solğun sevgilər” tamaşasının premyerası olub. Tamaşa Əmək və Əhalinin Sosal Müdafiəsi və Mədəniyyət Nazirliklərinin birgə layihəsi çərçivəsində həyata keçirilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında layihənin fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədi ilə həyata keçirildiyini bildirib: "Bu gün fiziki məhdudiyyətli insanlarla bərabər Cəfər Cabbarlının əsəri əsasında hazırlanmış tamaşa göstəriləcək. Hər bir insanda yaradıcı potensialın açılması üçün bu fürsətlərdən geniş istifadə etməliyik. Biz buna dəstək veririk. Bunun üçün bütün teatrlarda şərait yaradılıb. Bu layihənin hazırlanmasında Kukla Teatrının özündən də təşəbbüs olub. Ümumiyyətlə, yeni formalaşan, maraqlı layihələrlə çıxış edən özfəaliyyət teatr kollektivləri ilə əməkdaşlıq edirik. Azərbaycanda çoxlu xalq teatrları fəaliyyətlərini davam etdirirlər. Onların sayı artmaqdadır. Son illər biz bu prosesə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə fiziki məhdudiyyətli insanların da qoşulmasını təşkil edirik. Hesab edirəm ki, olduqca dəyərli təşəbbüsdür. Biz gələcəkdə də belə layihələri dəstəkləyəcəyik. Bu il Cəfər Cabbarlının yubileyinin keçirildiyini nəzərə alaraq, layihə çərçivəsində onun əsəri əsasında hazırlanmış tamaşa nümayiş ediləcək. Düşünürəm ki, hamıya maraqlı olacaq".
Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir. Tamaşanın musiqi tərtibatı Əməkdar artist Vüqar Camalzadəyə məxsusdur. Tamaşada Elnarə Qədimova, Türkay Cəfərli, Ülviyyə Əliyeva, Günay Əhməd və başqaları oynayıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed