Şrift:
“İnsan hüquqları və yerli özünüidarəetmə” mövzusunda dəyirmi masa
10.12.2019 [09:45] - Hüquq
BMT-nin Baş Məclisi tərəfindən 1948-ci ildə “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin qəbul olunduğu tarix – dekabrın 10-u hər il bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, vətəndaş cəmiyyətinin inkişafına yönələn davamlı tədbirlər görülür, bu sahədə nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edilir, respublikamız 50-dən çox beynəlxalq sənədə qoşularaq beynəlxalq öhdəliklərin həyata keçirilməsi daim diqqətdə saxlanılır. Dekabrın 9-da Ədliyyə Nazirliyində Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqları və yerli özünüidarəetmə” mövzusunda dəyirmi masa keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə nazirliyin məsul rəhbər şəxsləri, Milli Məclisin deputatları, bələdiyyələrin milli assosiasiyaları, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova dövlətimizin ali məqsədi olan insan hüquqlarının təmin edilməsi üzrə görülən işlər, o cümlədən ictimai iştirakçılığın təşviqi, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq barədə məlumat verib. O, ölkəmizdə 20 illiyi qeyd olunan yerli özünüidarəetmə sahəsində ötən dövrdə mühüm addımların atıldığını, insan hüquqlarının təmin edilməsində bələdiyyələrin rolunu vurğulayıb. Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, onlara metodiki köməyin göstərilməsi, səmərəli inzibati nəzarətin təşkili, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, o cümlədən Ədliyyə Akademiyasında insan hüquqları sahəsində beynəlxalq sənədlərin, o cümlədən İnsan hüquqlarına dair Avropa Konvensiyasının, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının öyrənilməsi sahəsində görülən işlərdən, bu sahədə vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb.
Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin üzvü Zalihə Tahirova və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni çıxışlarında tədbirin əhəmiyyətini qeyd edib, son dövrlər nazirliyin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətinin ictimailəşməsini vurğulayıb, vətəndaşların yerli məsələlərinin həllində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən şəffaflığın artırılması, ictimai iştirakçılığın təşviqi, bələdiyyələrlə QHT-lər arasında əlaqəli fəaliyyətin genişləndirilməsi ilə bağlı və digər təkliflər səsləndiriblər. Eyni zamanda, tədbirdə iştirak edən Avropa İttifaqının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təmsilçiləri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının sədrləri tərəfindən müzakirə olunan məsələlərlə bağlı çıxışlar edilib, faydalı fikir mübadiləsi aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed