Şrift:
Fars şovinizmi III YAZI
25.10.2011 [14:36] - Güney Azərbaycan-Təbriz
“Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv edirlər”


“Bir tarixçi kimi deyə bilərəm ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər”
I Dara (m.ö. 522-486) imperiyada baş qaldırmış bütün üsyan və separatçı hərəkatları boğur, Midiya imperiyasını bərpa edir. O, Parsa şəhərini yeni paytaxta çevirir, bununla da Midiya dövlətinin hakimiyyət qurğusu başdan-başa parslaşdırılır. İmperiyanın dörd paytaxt şəhəri: Həmədan (Ekbatan), Suz, Babil və Parsa (Persepolis) olmasına baxmayaraq parsların əsas mərkəzi Parsa (indiki Şirazın yaxınlığında) idi, onlar Parsadan quzeyə yayılmağa başlamışdılar.
Əhəmənilər sülaləsinin I dövrü canişinlik, II Kirdən başlayaraq hökmdarlıq dövrü olsa da dövlət pars (fars) dövləti deyildi. Məhz I Daranın dövründə dövlət parslaşmağa başladı. Pars şovinizmi elə bu dövrdən özünü açıq şəkildə büruzə verdi.
I Dara imkanı olan bütün mənsəblərə parsları təyin etdi. Ordu əsasən midiyalı türklərdən ibarət olsa da, imperiyanın hərəkətverici qüvvəsi türklər olsa da hakimiyyət tam parslaşdırıldı. Pars əyanlarına həddən artıq imtiyazlar verildi. Parsların əksəriyyəti vergidən azad edildi. Mixi yazılarını Manna, Elam və midiyalılardan mənimsəyən parslar get-gedə Midiya mədəniyyətinin varislərinə çevrilirdilər.
Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv edirlər. Hətta fars şovinizminin son böyük nümayəndələrindən olan Məhəmməd Rza Pəhləvinin göstərişi ilə onun hakimiyyəti dövründə bir İran təqvimi yaradılmışdı; həmin təqvim II Kirin hakimiyyətə gəldiyi ildən başlayırdı. Buradan da birinci nəticə çıxır ki, deməli, II Kirə qədər fars dövləti olmamışdır. İkincisi, kiminsə hakimiyyətə gəlməsi ilə təqvimin başlaması hakim-şovinizmin bayağı məhsulundan başqa bir nəsnə deyil. Üçüncüsü, tarixi saxtalaşdırıb Midiya dövlətini fars dövləti saymaq kimə və nəyə gərəkdir - şovinizmdən başqa. Dördüncüsü, başını bir türk qadın hökmdarı Tomrisin (Dəmirin) kəsdiyi hökmdarın xəyanət nəticəsində hakimiyyətə gəldiyi tarix hansı məntiqlə bir xalqın - parsların (farsların) təqviminin əsas olmalı idi? Bütün bunlar farsların özlərini belə çaş-baş qoyan kor şovinizmdən doğur.
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, parsların əsl hökmdarı və parsları (farsları) dünya tarix səhnəsinə çıxaran I Dara olmuşdur. Onun qızıl sikkə kəsdirməsi və Parsada (Persepolisdə) hökmdar iqamətgahı tikdirməsi Parsa dövlətinin müstəqilliyinə dəlalət edirdi. Parsların hakim olduğu imperiyaya m.ö. 330-cu ildə Makedoniyalı İsgəndər son qoydu. İsgəndər Parsanı (Persepolisi) yandırıb, xaraba qoydu. O, ümumiyyətlə pars əyanlarına amansız divan tutub, pars xalqına elə bir dağıdıcı zərbə vurdu ki, parslar bir də 500 ildən sonra öz qüvvələrini bir yerə toplayıb yeni dövlətdə hakimiyyətə gələ bildilər.
Pars (fars) şovinizmi bu məğlubiyyəti tarix boyu həzm edə bilmədi, buna görə də uydurmalar qondarıb özünə təskinlik vermiş, fars xalqını aldadaraq ovundurmağa çalışmışdır. Bu uydurmalardan biri də budur ki, guya İsgəndər fars hökmdarlarından birinin qeysər Filippə göndərdiyi cariyədən olmuşdur. Bu cariyə-kəniz Filippə göndərilməzdən öncə fars hökmdarından hamilə imiş, Filipp bunu bilməmiş, onu özünə arvad etmişdir. Deməli, İsgəndər farsların törəməsidir.
Daha sonralar, yəni ərəb işğallarından sonra daha çox "fars" adlanan parslar islam dininin təsiri ilə Makedoniyalı İsgəndəri bir qədər də mifləşdirərək onu başqa bir İsgəndərlə - İsgəndər Zülqərineynlə əvəz etdilər. "Zülqərineyn" iki mənada yozulurdu: 1) "Zülqərineyn" - ərəbcə "iki qərinə yaşamış" mənasındadır, halbuki Makedoniyalı İsgəndər 33 il yaşamışdır; 2) "Zülqərineyn" - ərəbcə "iki buynuzlu" deməkdir. Fars mif və dastanlarında bunlar bir-birinə çulğaşmış, tarix həqiqətindən heç bir iz qalmamışdır. Parsları (farsları) darmadağın və qətl edən və etdirən Makedoniyalı İsgəndər farsdilli ədəbiyyatın böyük, müsbət, bəzən də peyğəmbər surətinə (obrazına) çevrilmişdir.
Parsların tarixdə ikinci dövləti Sasanilər dövləti sayılır. Bir tarixçi kimi deyə bilərəm ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər. Əhəmənilər Midiya dövlətində, Sasanilər Parfiya-Arsak (Arşak) dövlətində, Büveyhilər (Builər) (əvvəl Ziyarilərin qoşun başçıları üç qardaş Ziyariləri devirdilər) Abbasi xilafətində, Pəhləvilər Qacar dövlətində eyni şəkildə dövlət çevrilişi ilə və xarici güclərin köməyi nəticəsində hakimiyyətə gəlmiş sülalələr-xanədanlar olmuşlar. Parslar-farslar bütün tarix boyu cəmi dörd dövlətin başında dayanmışlar. Bunların içərisində parslar üçün ən önəmlisi və bir yandan fars milli ruhunun, bir yandan da fars şovinizminin əsas qaynaqlarından biri olan Sasanilər dövləti olmuşdur.

Əbülfəz Elçibəy
Bu xəbər oxucular tərəfindən 1477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed