Şrift:
Professor Jalə Rəzmi: “Biz İran adlı ölkə ilə bağlı BMT-yə 3-cü hesabatıı təqdim etdik”
11.12.2019 [09:50] - Güney Azərbaycan xəbərləri
“Ərk- Güney Azərbaycan İnsan Haqları Cəmiyyəti” İran adlı ölkədə noyabr ayında benzin və digər neft məhsullarının gözlənilmədən 3 dəfə (300 faiz) bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar zamanı öldürülən, yaralanan, eləcə də saxlanılan etirazçılar barədə BMT və insan hüquqları qurumlarına üçüncü hesabatını təqdim edib. Cəmiyyət bu barədə məlumat yayaraq İranda etirazlarla bağlı bütün hadisələri diqqətlə izlədiyini vurğulayıb: “Aksiyalarda qətlə yetirilən, yaralanan və saxlanılan etirazçıların kimliyi barədə məlumat ardıcıl olaraq Birləşmiş Millətlər Təşkilatına çatdırılır. Artıq 3-çü hesabat BMT-nin baş katibi, BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, eləcə də Beynəlxalq Əfv Təşkilatına təqdim olunub.”
“Ərk – Güney Azərbayan İnsan Hüquqları Cəmiyyəti” Güney Azərbaycan Milli Hərəkatının fəallarının küçələrdə deyil, iş yerləri və ya evlərində saxlandığını bildirib.
“Etirazlar zamanı çox sayda insan saxlanılıb. Gün keçdikcə yeni xəbərlər gəlir və saxlanılanların siyahısı daha da böyüyür. Ailələr əzizlərinin harada saxlandığından xəbərsizdir. Onlar həbsxana, Ettelaat İdarəsi və “Sepah” Bölmələrinə müraciət etdikləri zaman təhdidlə üzləşir, bəzi hallarda isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılırlar. Son vaxtlar ailələr əzizlərinin edam olunacağı ilə təhdid edilir. Biz BMT və Beynəlxalq Əfv Təşkilatına bir çox azərbaycanlı fəalın küçələrdə deyil, iş yerində və ya öz evlərində saxlandığını açıq şəkildə bildirmişik. Xatırlatmaq lazımdır ki, azərbaycanlı mədəni fəallar mədəni sahədə və dinc şəkildə fəaliyyət göstərir.”- deyə mətndə qeyd olunub. Ərk – Güney Azərbayan İnsan Hüquqları Cəmiyyəti yaydığı mətnin sonunda aksiyalar zamanı öldürülən və ya saxlanılan etirazçıların ailə üzvlərinə müraciət ünvanlayıb.
“Ailələr əzizlərinin təcridxanalarda amansızcasına işgəncə edilməsinə icazə verməməlidir. Onlar nə qədər səssiz qalsalar, əzizləri bir o qədər çox təhlükə ilə üzləşəcək. Ailələr bu istiqamətdə Ərk Cəmiyyəti ilə əlaqə saxlayaraq öldürülən və ya saxlanılan əzizləri barədə məlumat verə bilərlər. Onlar həmçinin Cəmiyyətin vasitəsi ilə Beynəlxalq Əfv Təşkilatı ilə əlaqə yaradıb rejimin cinayətlərinin ifşa edilməsi istiqamətində önəmli addımlar ata bilər. Hiss olunur ki, Ettelaat İdarəsi saxlanılanlara dosye quraşdırmaq üçün onları cismi və ruhi işgəncələrə məruz qoyaraq öz əleyhinə ifadə verməyə məcbur edir.”- deyə bildirilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed