Şrift:
Azərbaycan diasporunun rəhbəri ona qarşı sui-qəsdin Rusiya hüquq-mühafizə orqanları tərəfindən təşkil edildiyini bildirib
12.09.2012 [12:54] - Gündəm, Diaspor
İslam Hüseynov: “Sui-qəsdin arxasında Təhqiqat Komitəsinin sədri Yevdokimov, müstəntiq Vinaqradov, müstəntiq Polzunov, regional prokurorluğun xüsusi mühüm işlərin təhqiqatı şöbəsinin rəhbəri Kireyev durur”

Bir qədər əvvəl sui-qəsd nəticəsində yaralanmış Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynov baş verən hadisələrə görə, Rusiya Federasiyası Təhqiqat Komitəsinin Ulyanovsk bölməsinin rəhbərliyini günahlandırıb. Bu barədə APA-nın Moskva müxbirinə açıqlama verən İslam Hüseynov sui-qəsdi Təhqiqat Komitəsinin həbsdən azadlığa buraxdığı quldurların törətdiyini deyib: “Ulyanovsk Təhqiqat Komitəsinin həbsdən azad etdiyi quldurlar məni güllələyiblər. Bu gün günorta saatlarında iki naməlum şəxs ofisimə gəlmişdi. Şəxsi mühafizəçim İqor iş otağıma gələrək mənimlə iki nəfərin görüşmək istədiyini bildirdi. İqor onları içəri dəvət edən onlardan birinin əlində silah olduğunu gördüm. Biz onlarla davaya başladıq, onlar atəş açdılar. Mən yerə yıxıldım, ayağa qalxanda İqorun qan içində yerə yıxıldığını gördüm. Məni başımdan vurdular, İqoru isə ürəyindən. Hücum edənləri təqib etmək istədim, amma gücüm çatmadı. İqor ləyaqətli və vicdanlı adam idi, səkkiz ildir bir yerdə işləyirdik, mənə qardaşdan da yaxın idi. Həyatımı ona borcluyam və indi ömrü boyu ailəsinin qarşısında borcluyam. Onlara kömək edəcəyəm”.

İslam Hüseynov bildirib ki, Ulyanvsk şəhərində bütün cinayətkarlara Təhqiqat Komitəsi havadarlıq edir: “Mən onlarla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Bu şəhərdə baş verən korrupsiya hallarına qarşı mübarizə aparanlar Təhqiqat Komitəsinin düşmənləridir. Ona görə də mənə bu sui-qəsdi etdilər. Bütün bu işlərin arxasında Təhqiqat Komitəsinin sədri Yevdokimov, müstəntiq Vinaqradov, müstəntiq Polzunov, regional prokurorluğun xüsusi mühüm işlərin təhqiqatı şöbəsinin rəhbəri Kireyev durur. Bu sözləri deməkdən qorxmuram. Məhz Təhqiqat Komitəsinin sifarişi əsasında bu hadisə baş verib. Onlar ağzımı yummaq istəyirdilər, çünki onlar barədə Federal Təhqiqat Xidmətinə şikayət yazmışdım. Onlar məndən yanıqlı idilər, buna görə də məni məhv etmək üçün öz banditlərini üstümə göndərmişdilər. Sui-qəsdə qədər təhdid dolu telefon zəngləri alırdım. Təhdid edirdilər, ailəmin, övladlarımın, biznes və imicimin bundan zərər çəkəcəyini bildirirdilər”.

İslam Hüseynov özünü normal hiss etdiyini, hal-hazırda ofisdə olduğunu söyləyib: “İndi hüquq-mühafizə orqanlarının əməkdaşları ofisdədir. Onlar araşdırma aparırlar”.

Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov APA-ya açıqlamasında təşkilatın Ulyanovsk regional şöbəsinin rəhbəri İslam Hüseynova sui-qəsd faktını təsdiqləyib və qeyd edib ki, hadisə ÜAk rəhbərliyinin diqqətindədir. Konqres rəhbərliyi artıq sui-qəsdin motivlərinin diqqətlə tədqiq etmək üçün istintaq orqanlarına müraciət edib. Mikayıl Hüseynov artıq İslam Hüseynovla telefonla əlaqə saxladığını, onun həyatı üçün təhlükəli olmayan güllə yarası aldığını deyib.

Qeyd edək ki, İslam Hüseynov 2005-ci ildən Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəridir.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed