Şrift:
Yandırılmış kitablar
12.12.2019 [22:15] - Köşə yazarları
1946-cı il dekabrın 17-də Azərbaycan Milli Hökumətini qan içində boğandan sonra Rza Pəhləvi irticiası Azərbaycan türklərinin milli-mənəvi sərvətlərinə basqın etdi.
40 min nəfərədək (sayın daha çox olduğu da deyilir) insan Tehran rejimi tərəfindən qətlə yetirildi, yüz minlərlə insan mühacirət edildi. İran mərkəzli fars düşüncə sisteminin daşıyıcıları türkə olan nifrətini acısını Güney Azərbaycan Milli Hökumətinin türk dilində çap etdirdiyi kitablardan çıxdı. Milyonlarla tiraj kitablar tonqalllarda yandırıldı. Bu gün həm də 1946-cı il Güney Azərbaycan türklərinə qarşı soyqırım günüdür.
Milli şairimiz Səməd Vurğun bütün bu rəzalətlərə qarşı çıxaraq 1947-ci il yanvarın 20-də yazdığı şeir bir sıra mətləbləri bir daha yada salır. Bu şeiri oxuduqca,o günlərin tarixini vərəqlədikcə Tehranın Güney Azərbaycan türkünə münasibətinin dəyişmədiyi görünür...

(İran irticaçıları Azərbaycan türkcəsində olan kitabları
vəhşicəsinə yandırırlar)

Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Min kamalın şöhrətidir, min ürəyin arzusu...

Yandırdığın o kitablar alovlanır... Yaxşı bax!
O alovlar şö'lə çəkib şəfəq salır zülmətə...
Şairlərin nəcib ruhu məzarından qalxaraq,
Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,
O alovlar şö'lə çəkib şəfəq salır zülmətə...

Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De! onları heç duydumu sənin o daş ürəyin?
Hər gəraylı pərdəsində min ananın qəlbi var...
Hər şikəstən ovladıdır bir müqəddəs diləyin,
De! onları heç duydumu sənin o daş ürəyin?

Söylə! sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca şərqin şöhrətidir Füzulinin qəzəli.
Sənmi “Türk-e xər” deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli...
Qoca şərqin şöhrətidir Füzulinin qəzəli

Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı.
Hər ürəyin öz dünyası hər səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı...

Təbiətin ana qəlbi qul doğmamış insanı.
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,
Mənəm odlar ölkəsinin günəş donlu övladı.

Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Nədir o dar acağları, de kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.

Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Cəllad! Sənmi, de! qırırsan Fədailər nəslini?
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.

Zaman gəlir... Mən duyuram onun ayaq səsini,
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır qurd kimi içdiyin qan.
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrov'un başını?

Koroğlu'nun, Səttarxan'ın çələngi var başımda.
Nəsillərim qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrov'un başını?
Sür atını, dördnala çap! Meydan sənindir... Ancaq;
Mən görürəm al geyinib gələn bahar fəslini...

Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini...

Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed