Şrift:
“Scale Up” akselerator proqramının açılışı olub
16.12.2019 [10:21] - İqtisadiyyat
Qadın sahibkarlar üçün xüsusi olaraq hazırlanmış "Scale Up" akselerator proqramının açılış mərasimi keçirilib. Qadın sahibkarlar üçün nəzərdə tutulmuş "Scale Up" akselerator proqramı "Azərbaycan işgüzar qadınları" təşkilatının təşəbbüsü və İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi, “PAŞA Bank” və "PwC Azerbaijan" şirkətlərinin birgə dəstəyi ilə ərsəyə gəlib.
Proqramın əsas missiyası qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafını sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərmək və uyğun şərait yaratmaqdır. Səkkiz həftə davam edəcək "Scale Up" akselerator proqramı çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər. Layihənin təqdimat mərasimində çıxış edən "Azərbaycan işgüzar qadınları" təşkilatının təsisçisi Tatyana Mikayılovanın sözlərinə görə, qadınların iqtisadi cəhətdən gücləndirilməsi lokomotiv rolunu oynayaraq təhlükəsiz dünyada inkişaf etmək və yaşamaq üçün imkanlar yaradır: "Bu istiqamətdə birgə çiyin-çiyinə işləyərək qadın sahibkarlığının inkişafına dəstək vermək çox vacibdir. "Scale Up" akselerator proqramı Azərbaycan qadınının cəmiyyətdə mövqeyinin gücləndirilməsinə, iqtisadiyyatın inkişafında qadınların rolunun artırılmasına öz müsbət təsirini göstərəcək".
Proqramın təqdimat mərasiminə qatılan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini, “PAŞA Bank”ın idarə heyətinin üzvü Xəyalə Nağıyeva və "PwC Azerbaijan" şirkətinin ölkə üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev dəyərli fikir və tövsiyələrini iştirakçılarla bölüşüblər. Proqrama müraciət üçün onlayn qeydiyyat “www.abw.az” saytı üzərindən dekabrın 28-dək davam edəcək. Seçilmiş namizədlər 8 həftə davam edəcək proqramda iştirak etmək hüququnu qazanacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed