Şrift:
Növbəti ildən doktoranturaya qəbul qaydaları yeni əsasla həyata keçiriləcək
17.12.2019 [09:37] - Xəbərlər
Bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, yeni dəyişiklik əsasında doktoranturaya qəbulun ilkin mərhələsində namizədlərin beynəlxalq səviyyəli xarici dil imtahanlarının və ya Dövlət Imtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş formada verilən xarici dil imtahanının nəticəsi nəzərə alınacaq.
Nazir hesab edir ki, XXI əsrdə gənc tədqiqatçılar beynəlxalq səviyyəli dillərdən birini mütləq şəkildə peşəkar formada bilməlidir və bu, doktoranturaya qəbul olunanlar qarşısında vacib şərt kimi qoyulmalıdır: "Düşünürəm ki, bu qərarın da müsbət nəticələrini yaxın illərdə görəcəyik. Eyni zamanda, zamanın dəyişikliklərinə uyğun olaraq, artıq ali təhsil müəssisələrinin daxilində doktorantura tədrisi prosesinin təşkili, məzmunun yenilənməsinə hər zaman yenidən baxılması olduqca vacib amillərdir. Bu istiqamətdə atılan bir sıra addımların icrası artıq ali təhsil müəssisələrinin professor və pedoqoji heyətindən asılıdır".
C.Bayramov əlavə edib ki, ali təhsil müəssisələri tərəfindən 2019-cu ilin fevralında bakalavriat və magistratura səviyyəsi üzrə təsdiqlənən ixtisasların yeni təsnifatına uyğun olaraq, yeni proqramların və məzmunun hazırlanması həyata keçirilir: "Nəzərdə tutulub ki, növbəti akademik ildən, yəni 2020-2021-ci ildən başlayaraq, həmin təsnifata əsasən ali təhsil müəssisələrinin tələbə qəbulu həyata keçiriləcək. Düşünürəm ki, biz vaxtdan çox səmərəli istifadə etməliyik və bu müddət ərzində proqramlarda təhsilin məzmununa çox ciddi baxmalıyıq. Məzmun müasirləşdirilməli və zamanın tələbinə, əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. Dünyada beynəlxalq rəqabətli məzunlar yetişdirmək üçün bu istiqamətə xüsusi diqqət yetirməliyik".
Nazir qeyd edib ki, doktorantura təhsilində ilk mərhələdə mövzuların seçilməsindən başlayaraq, ümumilikdə bütün doktorantura təhsili çox ciddi şəkildə nəzərdən keçirilməlidir: "Burada indiyə kimi olan boşluqlara, düzgün mövzuların seçilməsinə diqqət yetirməliyik. Doktorantura təhsilinə cəlb olunmuş gənc alimlərin, tədqiqatçıların elmi rəhbərlərinə olan gözləntilər artır. Doktorantura təhsilinə cəlb edilmiş tələbələrin nəzərdə tutulmuş müddət ərzində mövzularını başa çatdırıb elmi işləri yekunlaşdırma əmsalına baxanda burada çox ciddi geriləmələr görürük. Bu istiqamətə ciddi yanaşaraq növbəti illərdən dönüş yaratmalıyıq".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed