Şrift:
Ustad Həbib Sahirin anım mərasimi keçiriləcək
17.12.2019 [10:34] - Güney Azərbaycan xəbərləri
Çağdaş Güney Azərbaycan ədəbiyyatının ən ünlü simalarından biri olan şair və yazıçı Həbib Sahirin vəfatının 34-cü il dönümü ilə əlaqədar anım mərasimi keçiriləcək. Mərasimin 2019- cu il dekabrın 18-də saat 17:30-20:00-a qədər Tehranın Ümid Mədəniyyət Sarayında keçirilməsi nəzərdə tutulub. Tədbir Sabir Ədəbi Dərnəyinin təşəbbüsü ilə keçiriləcək. Tədbirdə iştirak ümum üçün azaddır.
Qeyd edək ki, Həbib Sahir 1903-cü ildə Güney Azərbaycanın Tərk şəhrində dünyaya gəlib. Hələ kiçik yaşlarda olduğu zaman ailəsi ilə birlikdə Təbrizə köçüb və orada yaşamışdır. Atasını çox erkən itirib. Orta məktəbdə Məhəmmədhüseyn Şəhriyarla birgə oxuyub. İstanbul Universitetində tarix və coğrafiya fakültəsini bitirir. İstanbulda olarkən özünə "Sahir " ləqəbini götürür. Təhsilini bitirdikdən sonra Güney Azərbaycana qayıdıb. Qəzvin və Tehranda məktəblərdə dərs deməyə başlayır. Türk və fransız şerinə yaxından bələd olan Həbib Sahir Lamartinin məşhur "Göl" poemasını Azərbaycan türkcəsinə tərcümə edir. O, eyni zamanda, Azərbaycanın görkəmli şairi Tağı Rüfətin şagirdi də sayılır. Tağı Rüfət Fransada təhsil almış və çağdaş fransız şerini örnək götürərək, şerdə yeniliyi, çağdaşlığı və sərbəstliyi müdafiə edirdi. O, fransız poeziyasına dayanaraq, fars dilində sərbəst şerlər yazırdı. Gənc Həbib sərbəst şeri əvvəllər ustadı Tağı Rüfət kimi yazmağa başlamışdır.
Həbib Sahirin Azərbaycan türkcəsində yazmasının səbəblərindən biri də Güney Azərbaycanda Seyid Cəfər Pişəvəri hökumətinin buraxdığı iz idi. Milli hökumət Tehran ağalarının qanlı əlləri ilə süquta yetirildikdən sonra o, müəllim işlədiyi məktəbdən qovularaq sürgünə göndərilmişdi. O, mübarizəyə qoşulmazdan öncə romantik bir şair idi. Onun poeziyasında təbiətin gözəlliyi, varlığın sirri, qəribəliyi, anlaşılmazlığı ana motiv kimi özünü qabarıq şəkildə göstərirdi. Ustad Sahir yavaş-yavaş ictimai romantizmə yönələrək bu dövrdən başlayaraq yeni bir fəza qazanır. Azərbaycan təbiətinin gözəlliyi və insanın belə bir gözəl təbiətdə, mühitdə yazıqcasına yaşaması onun şerlərinin əsas mövzusuna çevrilir. Dünyanı qara romantik gözlə görən ustad millətinin və Güney Azərbaycanın dərdini öz dərdi bilirdi.
Ustadı Tağı Rüfət S.C.Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökumətindən qabaq millətimizə qarşı edilən zülmlərə, ədalətsizliyə və həqarətə dözməyərək intihar etmişdi. Təqiblərə məruz qalan Həbib Sahir də eynən hərəkət edərək Güney Azərbaycanın İslam inqilabından sonrakı illərdə üzləşdiyi ədalətsizliyə və təhqirlərə dözməyərək, habelə rejimin ona qarşı edəcəyi təzyiq və işgəncələri göz önünə gətirərək, 85 yaşında Tehran yaxınlığındankı Aria şəhərində yaşadığı mənzilin pəncərəsindən özünü asdı. Bunun əsas səbəbi o idi ki, mollakratiya rejimi onu dini mövzularda təbliğati xarakterli əsərlər yazmağa məcbur etməsi idi. Molla rejiminə qarşı etirazını özünü asmaqla cavabını vermişdi. Edam olunmazdan öncə sinəsinə isə bu sözləri kağızda yazdığı bu sözləri həkk etmişdi: “Mən sizlərə qul ola bilmərəm. Çünki, bütün həyatım boyu millətim üçün yaşadım”. O, Tehranın “Beheşt-e Zəhra” qəbiristanlığında dəfn olunub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed