Şrift:
Milli fəal Babək Hüseyni Müqəddəm Təbriz zindanına köçürülüb
18.12.2019 [17:59] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə molla rejimi tərəfindən noyabr ayında gözlənilmədən benzin və neft məhsullarının qiymətinin 3 dəfə (300 faiz) artırılmasına qarşı keçirilən etirazlar zamanı tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəalı Babək Hüseyni Müqəddəm ötən gün Təbrizin Mərkəzi Zindanına köçürülüb. Onun zindana köçürülənədək Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandığı bildirilir. Milli fəalın saxlandığı bir ay müddətdə məsullar onun ailəsinə hər hansı məlumat verməkdən imtina etmişdir.
Babək Hüseyni Müqəddəmin ailəsi noyabrın 7-də fəalın qanunsuz saxlanması və onun vəziyyəti ilə bağlı məlumat almaq üçün Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsinə müraciət edib, hakim Musəviyə “saxlanılanlar nə zaman azadlığa buraxılacaq?” deyə sualını ünvanlamışdılar. Hakim onlara cavab olaraq bildirib ki, saxlanılanların sərbəst buraxılmasını gözləməyin, onlar edam ediləcək. Musəvi həmçinin qeyd etmişdir ki, “saxlanılanların azadlığa buraxılması məndən asılı deyil. Biz Ettelaat İdarəsinin göstərişi ilə onların saxlanma müddətinin daha bir ay uzaldılması haqda qərar qəbul edəcəyik.”
Ötən günlərdə etirazlarla bağlı saxlanılan güney azərbaycanlı milli-mədəni fəalların İran təcridxanalarında işgəncə edildiyinə dair xəbər yayılmışdır. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri milli fəallar üçün qondarma dosye quraşdırmaq məqsədi ilə onları öz əleyhinə ifadə verməyə məcbur edir, bunun üçün də amansız işgəncə üsullarından istifadə edilir. Əldə etdiyimiz məlumata görə, Təbrizdə sözügedən azərbaycanlı fəalların dosyesinə hakim Musəvi baxır. Musəvi hər zaman məhbusların ailə üzvlərinə münasibətdə təhqiramiz davranış nümayiş etdirib, onun Ettelaat İdarəsinə bağlı olduğu bildirilir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed