Şrift:
Gürcüstanın Azərbaycanlı icmasına qarşı dominant baxış
18.12.2019 [18:48] - Köşə yazarları
Bir neçə gün əvvəl müzakirə panellərindən birində gürcü ictimaiyyətinin etnik azərbaycanlılara qarşı olan baxışına rast gəldim. Bu məktub öz baxışımı çatdırmaq üçün bir cəhddir. Çünki, belə məsələlərin müzakirəsi kiçik auditoriyalardan və ya konfranslardan çıxsın, elə, ya da belə – problemi hamı etiraf edir. Əhəmiyyətli olan odur ki, ictimaiyyətimizdə olan problemli, çox hallarda etiraf edilməyən və azlıqlar üçün ağrılı olan azərbaycanlılara qarşı dominant baxış növləri haqda ictimai şəkildə danışaq. Gürcü dövlətinin vətəndaşları olan azərbaycanlılara qarşı baxışı retrospektiv şəkildə müzakirə etsək, tərəqqi aşkardır: əgər birinci Prezident azlıqları ümumiyyətlə ölkənin bir hissəsi hesab etmirdisə və onları mərhələlərlə ölkədən köçürmək haqqında danışırdısa, Şevardnadzenin dövründə radikal və ekstremist bəyanat açıq səsləndirilməyib. Buna baxmayaraq “Failed State” şəraitində dövlət institutlarının fəaliyyət göstərməməsi, yaxud göstərə bilməməsi halında, azlıqlara qarşı dominant baxışın dəyişməsi haqqında danışmaq artıq idi. 2003-cü ilin “Qızılgül İnqilabı” nəticəsində qərbyönümlü və modernist hakimiyyəti ictimai və siyasi həyatın çox sahəsində dönüş yaratdı. Həmçinin, etnik azlıqlara qarşı yanaşma da dəyişdi. Ancaq, həmin dövrdə hakimiyyətin elan etdiyi bütün vətəndaşların etnik, dini, cinsi yaxud başqa mənsubiyyətlərindən asılı olmayaraq bərabərdir siyasəti real həyatda birbaşa ziddiyətli və səthi idi. Müvafiq olaraq, etnik azlıqların mülki bərabərliyi, əsasən, mərkəzi hakimiyyətə tabe olmaqda özünü göstərirdi. Hamı bərabər və eyni şəkildə bir nəfərə tabe olurdu. İndiki hakimiyyətin isə çox sayda məsələlərlə bağlı azlıqlara qarşı baxışı necədir, bu aydın deyil. Müvafiq bürokratların gündəlik fəaliyyətindən və bəyanatlarından əlavə, dövlət başçıları səviyyəsində düzgün düşünülmüş mesajlara rast gəlmirik. Azlıqlara qarşı dominant baxışın nə olduğunu müəyyən etmək üçün ilk əvvəl aydınlaşdırmalıyıq ki, Gürcüstan və gürcü nədir. Çünki azlıqlara qarşı baxışı əsasən gürcü, yəni bizimki və başqaları arasında sərhəddin haraya çıxması müəyyənləşdirir. Gürcüstanda bu haqda iki növ baxış dominantdır. Birinə əsasən gürcü etnik gürcüdür və eyni zamanda pravoslavdır. Bu formuladan kənarda qalanlar isə azlıq, yad, problem deməkdir. Buna ən yaxşı misal Qafqaz Araşdırmaları üzrə Resurs Mərkəzin sonuncu araşdırmasıdır. Həmin araşdırmaya əsasən əhalinin demək olar ki, yarısı etnik və dini rəngarəngliyi mənfi dəyərləndirir. İkinci baxış gənclər arasında daha çox yayılıb, əgər Gürcüstan vətəndaşısansa, o zaman avtomatik olaraq gürcü xalqının bir hissəsisən. Mədəni və etnik fərqlər isə mümkün və yolveriləndir. Müvafiq olaraq, səthi şəkildə müzakirə etsək, həmin baxışlar etnik azərbaycanlı icmasına da aiddir: biri onu neqativ şəkildə, “yad”, qeyri-gürcü kimi müzakirə edir, digəri isə pozitiv-neytral olaraq: “bizimki” kimi. Ancaq reallıq bu asan və nəzəri yanaşmadan daha mürəkkəbdir. Müvafiq olaraq, etnik azərbaycanlılara qarşı dominant baxışın konkret misallarla dörd növünü sizə təqdim edirəm.

Etinasızlıq

Dominant baxışın birinci növü etinasızlıqdır (məhəl qoymamaq). Bu baxış çox hallarda dövlət orqanlarında qərar qəbul edən şəxsləri, başqa bürokratları, siyasi partiya liderlərini, biznesləri əks etdirir. Bu baxışın ən yaxşı illüstrasiyası Kvemo Kartli qubernatorunun ofisi tərəfindən 2018-ci ildə yayımlanmış videodur. Həmin videonun məqsədi regionun turizm və iqtisadi potensialını artırmaq idi. Videoda region əhalisinin 42 faizi – etnik azərbaycanlılar görünmür. Video yalnız gürcü və pravoslav mədəni abidələrini təsvir edir ki, özlüyündə bu vacib və yaxşıdır. Ancaq problem odur ki, etnik azərbaycanlı ümumiyyətlə göstərilmir. Bu nəinki mədəni dominasiya, hətta “whitewashing”-dir (örtmək, gizlətmək): qubernatorun ofisi, Kvemo Kartlidə birbaşa, yaxud dolayı yolla etnik azərbaycanlıları və onların mədəniyyətini görmək istəmir. İkinci misal “Kvemo Kartlinin inkişaf strategiyası 2014-2021”-dir. Sənəd elə girişdə izah edir ki, mərkəzdən region problemlərini görmək çox hallarda mümkün olmur. Bu strategiyanın yazılmasının əsas məqsədi də odur ki, regionun spesifik ehtiyacları müəyyən edilsin və maraqlanan şəxslərə göstərilsin. Sənədin strateji məqsədi regionun iqtisadi və sosial inkişafıdır. Strateji məqsəd sonradan on dörd konkret məqsədə bölünüb. Bir halda sənəd özü deyir ki, onun əsas hədəfi yerli ehtiyaclardır, oxucuda regionun 42 faizinin ehtiyaclarının qeyd olunması ilə bağlı yaranan gözlənti məntiqə uyğundur. Buna baxmayaraq, strategiyanın on dörd məqsədindən on üçündə bir dəfə də olsun etnik azlıqlar xatırlanmayıb. On dördüncü məqsəd, tost (sağlıq) səviyyəsində, bir abzasda qadın hüquqları, etnik azlıqların və vətəndaşların iştirakı səviyyəsinin artırılmasını özündə birləşdirir. Nəticədə, bu baxış və etinasızlıq bizi oraya aparıb çıxarır ki, dövlət xidmətlərinin göstərilməsi prosesində ümumiyyətlə etnik azlıqları görmürük. Dövlətin yerli, yaxud mərkəzi orqanlarını bu dövlətin üzərində qurulduğu mənfəətlərdən əhalinin vacib hissəsinin ümumiyyətlə yararlana bilməməsi heç narahat etmir. Etnik azlıqlar dövlət, qərar qəbul edən şəxslər və institutlar üçün “ölü ruhlar”a çevriliblər.

Təhlükə olaraq görmək

Dominant baxışın ikinci növ təhlükə kimi görülür. Bu baxış Dövlət Təhlükəsizlik Xidməti, Patriarxlıq, eləcə də hakimiyyət və müxalifət, proqressiv və ya ənənəçi, qərbyönümlü və ya gürcüyönümlü qüvvələrə aiddir. Bu halda etnik azlıqlar təhlükə prizmasından göstərilib və müvafiq siyasət bu baxışdan həyata keçirilir. Bu mövqeyin aydın nümunəsi 2020-ci ilin seçkilərinə qədər konstitusional dəyişikliklər paketinin müzakirə prosesidir. 2020-ci ildə təbii maneələrlə proporsional sistemə keçdiyimiz müəyyən olunduqdan sonra, hamı belə şəraitdə etnik azlıqların partiya yaratması baxımından bizi hansı faciələrin gözlədiyi haqda danışmağa başladı. Müxalifət və hakimiyyət də etnik azlıqların partiyasının mövcudluğunun təhlükəli olması haqda eyni şəkildə danışır. Bu müddəa tamamilə anlaşılmazdır. Etnik nifrəti çiçəkləndirən və zorakılığı təbliğ edən partiyalar ölkə və əhali üçün təhlükə daşıyırlar. Amma aydın deyil ki, əsas qayğısı məhz etnik bərabərliyə nail olmaq olan partiyanın mövcudluğu niyə təhlükəlidir. Əksinə, ola bilsin belə partiya hazırda mövcud olan bəzi “milli” siyasi partiyalardan daha inkişaf etmiş və qərbyönümlü ola bilər. Bunu qeyd etməyi artıq hesab edirik ki, DTX tərəfindən etnik azlıqların regionlarında siyasi proseslər necə idarə olunur və orada vacib olan və olmayan məsələlər region əhalisinin maraqlarını nəzərə alaraq deyil, xüsusi kabinetlərdə həll olunur. Orada xalqın ehtiyacını deyil, regionu bu xalqın problemləri haqqında gündəlikdə söhbət aparılmadan necə idarə etmək məsələsi haqqında düşünürlər. Ola bilsin siyasi məsələlərlə bağlı dövlətin belə yanaşmasını başa düşüək. Amma həmişə bu baxış din və mədəniyyət məsələlərinə keçir. Demək olar ki, müsəlman icması üçün çalışan bütün dini təşkilatlara DTX orqanları tərəfindən nəzarət olunur. Belə nəzarəti tanımayan və ona tabe olmayan təşkilatlara isə süni maneələr yaradılır və dövlətdən maliyyə ala bilmirlər. Baxışı birbaşa çılpaqlayan məsələ: təhlükə kimi görmək dövlətin Elata qarşı yanaşmadır. Etnik azərbaycanlı əhalinin ənənəvi toplaşma yeri həm də orada öz mədəniyyətlərini nümayiş etdirmək kimi bir yüksək dəyərdir. Təəssüf ki, dövlətin birbaşa müdaxiləsi nəticəsində bu ənənə ləğv olundu və tədbirin təşkil edilməsi “Dmanisoba” adı altında Dmanisi bələdiyyəsinə verildi. Bu il Dmanisoba tədbirinə gedən etnik azərbaycanlılar onlara aid olan heç nə ilə qarşılaşmadılar. Etiraf etməliyik ki, bu gün artıq bu ənənə, yalnız və yalnız dominant mədəniyyət qorxusuna görə itdi.

Geridə qalmış kimi görmək

Dominant baxışın üçüncü növü az inkişaf etmiş, geridə qalmış kimi görməkdir. Bu baxış gürcü əhalisinin böyük hissəsində var və onlar azərbaycanlılara sivilizasiya, mədəni və düşüncə baxımından geridə qalmış xalq kimi baxırlar. Məhz bəzi QHT-in, medianın, ekspertlərin, proqressiv və ya liberalın etnik icma ilə çalışan zaman yalnız erkən evlilik, qızların qaçırılması, dil bilməmə səviyyəsi, seçkilərin saxtalaşdırılması, qeyri-liberal ənənələr və.s məsələlərə diqqət yetirməsi buna işarədir. Amma həmin adamlar strukturda hüquq pozuntusu, etno-mərkəzləşdirmə və etnik azərbaycanlılara qarşı tarixi ədalətsizliyi görmür və səsini çıxarmırlar. Dominant baxışın bu növü etnik azərbaycanlıların hüququnun pozulmasına səbəb kimi etnik azlıq icmasının özündə görür. Məntiq isə asandır: etnik azərbaycanlılar siyasi həyatda iştirak etmirlər. Çünki təhsilsiz, mədəniyyətsizdirlər və sivilizasiyadan geri qalıblar. Gürcü dilini bilməmələri də bunu göstərir. Gürcü dilini bilməmək onların daha da geridə qalmasına səbəb olur. Özlərinin sivilizasiyadan kənar qalan ənənələrinə görə azərbaycanlı icması erkən yaşda qızları zorla evləndirir. Nəticədə onların təhsilsizliyi və mədəniyyətsizliyi də dərinləşir və onlar gürcü ictimaiyyətindən geridə qalırlar. Belə bir baxışa əsasən
“geridə qalmış xalqa” yardım edəcək və öyrədəcək xilaskar lazımdır ki, qızları erkən yaşda evləndirmək olmaz; Gürcü dilini öyrənmək və təhsil almaq, köhnə ənənələri geridə qoymaq vacibdir.

Qonşu ölkə baxımından görmək

Dominant baxışın dördüncü növü qonşu ölkədən keçərək görməkdir. Bu baxış etnik azlıqlara qarşı iki narrativi birləşdirir. Birincini “Mariam Caşi kompleksi” adlandırmaq doğru olardı. Bu baxış Azərbaycan dövlətindəki etnik gürcülərin hüququ pozulmuş vəziyyəti ilə bizi müqayisə edir və hesab edir ki, Gürcüstanda yaşayan etnik azərbaycanlılar minnətdar olmalıdır ki, Azərbaycandakı etnik gürcülər (inqilolar) kimi hüququmuz pozulmur. Bu narrativ liberal mühakimədə gözəl şəkildə bəzənmiş, gürcü ictimaiyyətində olan, amma etiraf olunmayan baxışı çılpaqlayır. Ancaq yenə də Mariam Caşinin inqiloların hüquqlarının qorunması ilə bağlı dediyi sözlərdə özünü göstərir. İkinci narrativ fəal olaraq ictimai sahədə hazırkı hakimiyyət şəraitində yarandı. Həmçinin, Gürcüstanın Baş naziri və prezidentləri ictimai və birbaşa şəkildə bizi “günahlandırır”lar ki, Azərbaycan Gürcüstanda yaşayan etnik azərbaycanlıların tarixi vətənidir. Tarix olaraq isə bu əhali heç vaxt Azərbaycan Respublikasının bir hissəsi olmayıb. Burada yalnız Gürcüstanın etnik azərbaycanlılarına qarşı dövlət başçılarının problemli və dominant baxışı aşkarlanmır. Həm də bu şəxslərin tarixi bilmədikləri də məlum olur.

Yekun

Hər dörd baxış problemlidir və dəyişməlidir. Belə vəziyyətdə isə etnik azərbaycanlı icmanı günahlandırmaq ki, onlar inteqrasiya prosesinə mane olurlar. Bizim fikrimizcə bütün bunlar barmaq sayından çıxan arqumentə bənzəyir.

Kamran Məmmədov, Tiflis (Gürcüstan)
İnsan Hüquqlarının Tədris və Monitorinq Mərkəzinin (EMC) tədqiqatçısı
Bu xəbər oxucular tərəfindən 242 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed