Şrift:
Milli musiqi alətlərimiz - milli sərvətimizdir
19.12.2019 [09:34] - Mədəniyyət
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin iştirakı ilə “Milli musiqi alətlərimiz - milli sərvətimizdir” adlı konsert keçirilib. “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşan konsertin bədii rəhbəri və dirijoru Ağaverdi Paşayev, iştirakçıları isə respublika və beynəlxalq müsabiqələr laureatları Əfqan İsmayılov, Sənan Hacılı, Ramin Arzumanlı, Rəşid Ağayev (tar), Fərid Nağıyev (qarmon), Mahir Hacıyevdir (kamança). Konsertdə Niyazinin “Arzu”, Oqtay Kazıminin “Məhəbbət”, Vasif Adıgözəlovun “Qərənfil”, Hacı Xanməmmədovun “Yenə o bağ olaydı” mahnıları və s. səsləndirilib. “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış pianoçu Murad Adıgözəlzadənin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırılır. Layihə çərçivəsində keçirilən tədbirlər gənc nəslin dünyagörüşünün formalaşmasında, Azərbaycan və dünya musiqisinin təbliğində mühüm rol oynayır. Konsertlərdə Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələr laureatları mütəmadi olaraq iştirak edirlər. Bu isə digər gənc musiqiçilərə daim öz üzərlərində çalışmalarına, yüksək adlara nail olmalarına təkan verir. Layihə çərçivəsində Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçılarına, gənc bəstəkarlarına da xüsusi yer ayrılır. Gənc bəstəkarların yaratdıqları əsərlər – pyeslər, kvartetlər, orkestr üçün əsərlər, romanslar mütəmadi səslənir. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur və proqram, janr baxımından çox zəngindir. Buraya vokal, fortepiano, kamera-instrumental musiqisi axşamları daxildir. Milli dəyərimiz olan muğama da layihədə xüsusi yer ayrılıb. Gənc xanəndələrin iştirakı ilə keçirilən konsertlər böyük marağa səbəb olur. Layihə çərçivəsində gənc musiqiçilərin filarmoniyanın aparıcı kollektivləri ilə birgə çıxışlarına da şərait yaradılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed