Şrift:
Hələlik 11 siyasi partiya - 9 fevral seçkilərini çoxpartiyalı saymağa əsaslar varmı...
19.12.2019 [10:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) son iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 2 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb. İclasda Vahid Azərbaycan və Ana Vətən partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya 9 siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Məlum olduğu kimi, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 50-dən çox partiya var. Ancaq parlament seçkilərində hələlik onlardan 11-i iştirak edəcəyini rəsmən bəyan edib. Ən maraqlısı budur ki, uzun müddət parlamentdə təmsil olunmuş Sosial Rifah, Vətəndaş Birliyi və sair partiyaların da adları siyahıda yoxdur. Əgər seçkilərdə iştirak edəcək partiyaların sayı bununla yekunlaşsa, 9 fevral seçkilərini çoxpartiyalı saymağa əsaslar varmı?

Fərəc Quliyev: “Hətta indiki say da seçkilərin çoxpartiyalı əsaslarla...”


Rəhbərlik etdiyi partiyanın seçkilərdə iştirakı təsdiqlənən, millət vəkili Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə saya çox da fikir vermək lazım deyil: “Bəli, ölkədə qeydiyyatdan keçmiş 55 partiya var. Biz istəsək də onların çoxunun adını sadalaya bilmərik. Çünki yalnız ad və qeydiyyat partiyanın mövcudluğunu tam tamamlamır. Partiya yaranıbsa, seçkilərdə və bütün siyasi proseslərdə fəallıq göstərməlidir. Seçkilərdə iştirakı təsdiqlənmiş partiyalar çox ciddi siyasi spektri təmsil edirlər. Elə bu say da kifayət edir ki, seçkilərin çoxpartiyalı əsaslarla keçirildiyi iddia olunsun. Ancaq qarşıda zaman da var. Gəlin adları elan olunmayan, lakin cəmiyyətdə nisbətən nüfuza sahib olmayan partiyaları bir az gözləyək. Əminəm ki, sayda artım olacaq. Ancaq boykot yolunu seçənlərlə biz nəsə edə bilmərik. Bu onların öz seçimidir. Hesab edirəm ki, kifayət qədər sanballı siyasilər və partiyalar seçkilərdə iştirak qərarını veriblər. Mən sizdən soruşsam ki, hansı partiyalar seçkidə iştirak etməyəcək, siz özünüz də bu sualın cavabını asanlıqla verə bilməzsiniz. Çünki 55 partiyanın çoxunu heç biz tanımırıq. Seçkilərdə iştirakın partiya üçün böyük əhəmiyyəti var. Ən azından, partiya fəallaşır, öz gücünü ölçə bilir. Mən baxıram bəzi partiyalar siyahılar verirlər və həmin siyahıların onların gücü ilə adekvat olmadığı qənaətinə gəlirsən. Bir rayonda partiyanın yerli təşkilatı yoxdursa, həmin partiya oradan necə namizəd irəli sürə bilər? Biz artıq 35 nəfərin adını elan edəcəyik. Sayda artım olacaq. Mən başa düşə bilmirəm, seçkidən başqa hakimiyyətə gəlməyin hansı üsulu var? Görəsən hakimiyyət iddiasında olan partiyalar heç bu barədə düşünürlər? Gəlin yanvarın 10-nə qədər gözləyək. Ondan sonra sayla bağlı konkret nəsə deyə bilərik. Hətta indiki say da seçkilərin çoxpartiyalı əsaslarla keçirildiyinə əsas sayıla bilər”.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed