Şrift:
BMT Baş Assambleyası İran molla rejimini insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib
19.12.2019 [18:58] - Güney Azərbaycan xəbərləri
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ötən gün İranda insan haqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib. Qətnamə layihəsi daha öncə noyabr ayında BMT-nin 3-cü komitəsində qəbul edilmişdi. Qətnamə 81 lehinə, 30 əleyhinə və 70 neytral səslə qəbul edilib. Rusiya, Ermənistan, Çin, Hindistan, Oman, Suriya, Kuba, Quzey Kore, Əfqanıstan, Pakistan, Flippin, Serbiya, Belarus, Kamboca, Burundi, Eritreya, İndoneziya, İraq, Qazaxıstan, Qırğızıstan, Livan, Nikaraqua, Tacikistan, Türkmənistan, Özbəkistan, Venesuela, Vyetnam, Zimbabve və İran molla rejimi özü qətnamə layihəsinə qarşı səs verən ölkələr olublar.
Amerika Birləşmiş Ştatları, Britaniya, İspaniya, İsveç, İsveçrə, Hollandiya, Slovakiya, Ukrayna, Finlandiya, Fransa, Danimarka, Almaniya və digər bir neçə Qərb ölkəsi isə layihənin lehinə səs veriblər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ərəb ölkələri də layihənin qəbulunu dəstəkləyənlər sırasında olublar.
Kanada tərəfindən irəli sürülmüş qətnamə layihəsi cari ilin noyabr ayının 15-də 84 lehinə, 30 əleyhinə və 66 neytral səs olmaqla, BMT-nin 3-cü Komitəsində qəbul edilmişdi. Qətnamə layihəsində qanunsuz həbslər, həbsxanaların vəziyyəti, qadınlara qarşı diskriminasiya və dini azlıqlara qarşı mütəşəkkil zülmlə bağlı dərin narahatlıq ifadə olunur.
6 səhifəlik qətnamədə İran molla rejiminin ifadə və etiqad azadlıqlarına qarşı qəbul etdiyi məhdudiyyətlər, eləcə də bəhayi, dərviş və sufilərə qarşı artan təzyiqlərin narahatlıq doğurduğu qeyd edilir. BMT-nin İran adlı ölkədə insan haqları məsələləri ilə bağlı xüsusi həmməruzəçisi Cavid Rəhmanın 2 raportu əsasında hazırlanan qətnamədə İranın rəsmi din kimi tanımadığı bəhayilik dininə etiqad edənlərə qarşı apardığı repressiv siyasət pislənir. Qətnamə həmçinin İran rejimindən milli və dini azlıqlara qarşı apardığı hər növ ayrı-seçkiliyə son verməyi tələb edir. Qətnamə həmçinin molla rejimini hazırda məhkumluq həyatı yaşayan qadın haqları fəallarının azad edilməsi, qadınlara qarşı ayrı-seçkiliyə yol açan qanunların ləğvi, zindanların vəziyyətinin yaxşılaşdırılması, məhkumlara müalicə almaq üçün imkan yaradılması və ifadə azadlığı hüququndan istifadə etdiyi üçün tutulan bütün vətəndaşların azad edilməsinə çağırılır. Qətnamənin noyabr ayında İranda keçirilmiş xalq etirazlarının rejim tərəfindən qan bahasına yatırılmasından qısa müddət sonra qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed