Şrift:
Qondarma molla rejimi milli fəal Yusif Kariyə 6 il həbs cəzası verdi
19.12.2019 [19:06] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil şəhərindəki molla rejiminə məxsus cəzaevində tutuqlu saxlanılan “Güney Azərbaycan Milli Hərəkatı”nın fəalı Yusif Kari haqda ağır məhkəmə hökmü çıxarılıb. Hakim Məhdəviradın sədri olduğu qondarma “Ərdəbil İslam İnqilabı Məhkəməsi”nin 1-ci şöbəsi milli fəalı 6 il azadlıqdan məhrum edib.
Milli fəalı “GAMAC Təşkilatına üzv olmaq” ittihamına görə 5 il, “rejimin əleyhinə təbliğat aparmaq” ittihamına görə isə1 il həbs cəzası verilib. Milli fəalın məhkəmə iclası dekabrın 10-da Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. O sentyabrın 3-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Molla rejiminin ən təhlükəli və xüsusi cəza qurumu kimi tanınan “Ettelaat İdarəsi” onun müvəqqəti azadlığa buraxılmasına mane olub.
Yusif Kari Abbas Lisaninin rəhbərlik etdiyi GAMAC təşkilatına üzv olmaq ittihamı ilə 5 il həbsə məhkum edilib. Halbuki, Abbas Lisani məhkəmədə bu ittihamdan bəraət qazanıb, onun GAMAC təşkilatına üzv olmaq və ya hansısa qoluna rəhbərlik etməsi iddiası sübuta yetirilməyib.
Qeyd edək ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi 2010-cu ildə Avropada təsis edilib. Mərkəzi ofisi Almaniyanın Hannover şəhərində olan təşkilat yalnız xaric ölkələrdə fəaliyyət göstərir.
Dekabrın 17-də elan olunan məhkəmə hökmündə milli fəalın İnstaqram səhifəsindəki paylaşımları, onun əvvəlki fəaliyyətləri, özəlliklə də Savalan dağı yığıncağına qatılması, Babək Qalası yürüşündə saxlanması, Abbas Lisani, Rəhim Qulami və digər türk siyasi məhbusların qarşılanması mərasimində iştirak etməsinə də işarə olunub. Hökmdə Ettelaat İdarəsinin raportuna da toxunulub. Qeyd olunub ki, “müttəhim pantürkizm və bölücülük zəminində fəaliyyət göstərib. O bölücü qruplardan olan və düşmən ölkələr tərəfindən dəstəklənən Əhməd Obalının rəhbərlik etdiyi GAMAC təşkilatı ilə əlaqədə olub.”
Məhkəmə Yusif Karini sözdə GAMAC-ın daxili qolu olan Abbas Lisaninin rəhbərlik etdiyi təşkilata üzv olmaqda günahlandıraraq ona 5 il həbs cəzası verib. Fəal həmçinin sisteme qarşı təbliğat aparmaq ittihamı ilə 1 il azadlıqdan məhrum edilib. O toplam olaraq 6 il həbs cəzasına məhkum edilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed