Şrift:
Bakı Musiqi Akademiyasında “Həyat sonatası” filmi təqdim olunub
20.12.2019 [11:29] - Mədəniyyət
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın ilk qadın violonçel ifaçısı, BMA-nın İfaçılıq fakültəsinin dekanı, professor, əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin həyat yaradıcılığından və pedaqoji fəaliyyətindən bəhs edən “Həyat sonatası” adlı sənədli filmin təqdimatı olub. Filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, bədii rəhbəri Tahir Tahiroviç, direktoru Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyev, operatorları isə Əminə Həsənli və Anar Seyidovdur. Akademiyanın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək N.Abbaszadənin həyat və yaradıcılığından danışıb, ona yaradıcılıq uğurları arzulayıb.
Sonda N.Abbaszadə qonaqlarla xoş təəssüratlarını bölüşərək professor Fərhad Bədəlbəyliyə və bütün həmkarlarına, həmçinin “Həyat sonatası” filminin yaradıcı heyətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, musiqişünas Nəzmiyyə Abbaszadə Azərbaycanda ilk qadın simli kvartetinin yaradıcısı olaraq, uzun müddət bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. O, həmçinin dəfələrlə keçirilən respublika və beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub. N.Abbaszadənin zəngin pedaqoji fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Belə ki, onun tələbələri Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatıdırlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed