Şrift:
Mingəçevir Universiteti ilə İnnovasiya Agentliyi arasında memorandum imzalanıb
22.12.2019 [23:56] - Gənclik
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Nazirlikdən verilən məlumata görə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli və MDU-nun rektoru Şahin Bayramov tərəfindən imzalanan memorandum iki qurum arasında innovasiya sahəsində birgə fəaliyyət, müştərək layihələrin hazırlanması və icra edilməsi, tələbə və gənclər arasında innovativ və kreativ düşüncə tərzinin formalaşdırılması, mütərrəqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması və startaplara inkubasiya xidmətlərinin göstərilməsi istiqamətlərində əməkdaşlığın yaradılmasını nəzərdə tutur. İmzalama mərasimində çıxış edən Tural Kərimli ölkə başçısı cənab İlham Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə yaradılmış İnnovasiyalar Agentliyinin əsas hədəfləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. MDU ilə əməkdaşlığın potensial istiqamətlərindən bəhs edən T.Kərimli Mingəçevir Yüksək Texnologiyalar Parkında “Simbioz” texnoloji biznes inkubatorunun istifadəyə verilməsinin əhəmiyyətindən danışıb. Şahin Bayramov İnnovasiyalar Agentliyi ilə əməkdaşlığın MDU-da innovativ idarəetmə texnologiyalarının tətbiqinə və yüksək ixtisaslı kadr hazırlığının məzmununun müasir dövrün tələblərinə uyğunlaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib. Mingəçevir Yüksək Texnologiyalar parkı ilə qarşılıqlı faydalı işbirliyinin yaradılması üçün bütün zəruri addımların atılacağını qeyd edən Ş.Bayramov “Simbioz” texnoloji biznes inkubatorun fəaliyyətində MDU tələbələri və müəllimlərinin fəal iştirak edəcəyini diqqətə çatdırıb. Əlavə olaraq, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “H-TECH İnvest” MMC-nin direktoru Vidadi Məhərrəmov rəhbərlik etdiyi müəssisədə MDU tələbələrinin istehsalat təcrübəsi keçməsi üçün bütün imkanlarların yaradılacağını bildirib. Qeyd edək ki, universitet – sənaye işbirliyinin yaradılması, MDU-nun startap ekosistemindəki iştirakının genişləndirilməsi, tələbə-gənclərin biznes ideyalarının və innovativ təşəbbüslərinin dəstəklənməsi, innovasiyalar yaradılmasını hədəfləyən birgə əməkdaşlıq baxımından böyük imkanlar vəd edən memorandumun imzalanması mərasimində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, MDU-nun professor-müəllim və tələbələri iştirak edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed