Şrift:
Təbrizdə yoxsulluqdan evlərin damında yaşayan evsizlərin sayı artıb
23.12.2019 [13:41] - Güney Azərbaycan xəbərləri
Tehran molla rejiminin Güney Azərbaycana qarşı uzun illərdir apardığı ayrı-seçkilik siyasətləri nəticəsində ilkinlərin şəhəri kimi tarixdə iz qoymuş Təbriz indi “damda yaşayanların şəhəri”nə çevrilib. Ağır iqtisadi vəziyyət və kasıblıq səbəbindən son dövrlərdə Təbrizdə damda yaşamağa məcbur qalmış evsiz azərbaycan türklərinin sayı çoxalıb. O da bəllidir ki, son dövrlərdə evlərin və icarə haqlarının kəskin surətdə atmasına görə, Təbrizdə binaların damını alıb yaşayan insanların sayı çoxalıb və bu pis təcrübə tezliklə digər şəhərlərə də yayıla bilər. Sözügedən problemin ən çox yayıldığı məhəllələr sırasında Təbrizin Eynalı dağının ətəklərində yerləşən Behişti, Yusifabad, Seylab, Əhmədabad, Bağmeşə və s. məhəllələri misal göstərmək olar.
“Mən daha öncələr dam satmaq, damda yaşamaq kimi ifadələr eşitməmişdən. Lakin son dövrlər insanların buna vadar olduğunun şahidiyəm. Hazırda işlədiyim məhəllədə insanların kasıblıq səbəbindən damları alaraq orada yaşamalarını görürük”, - deyə məsələ ilə bağlı Behişti məhəlləsindəki əmlak agentliklərindən birinin rəhbəri zamanı bildirib. O, həmçinin qeyd edib ki, daha insanlar üçün evin sənədi və ya möhkəmliyinin heç bir əhəmiyyəti yoxdur, onlar sadəcə yaşamaq üçün bir yer axtarırlar. Ona görə də, razılaşma əsasında damları alıb, orada yaşayırlar.
Məsələ ilə bağlı açıqlama verən Güney Azərbaycanın Yol və Şəhərsalma İdarəsinin rəhbəri bildirib ki, rəhbərlik etdiyi bölgələrdə yaşayan əhalinin 30%-nin heç bir sənədi yoxdur. O, örnək kimi Eynali dağı ətrafındakı məhəllələrdə damlarda yaşayanları göstərib. Rəsmi qeyd edib ki, bu, şəhərə qəmgin mənzərə bəxş edib və adi bir zəlzələ baş versə, faciəvi sonluğun şahidi olacağıq. O, bu problemin bərbad sosial, iqtisadi və mədəni sistemdən qaynaqlandığını əlavə edib. Damda yaşamaq təcrübəsi insani dəyərlərlə təzad təşkil etməklə yanaşı, təhlükəli olmasına görə də insanların həyatını təhlükə qarşısında qoyur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed