Şrift:
Xalça Muzeyində növbəti ustad dərsləri həsirçilik sənətinə həsr edilib
25.12.2019 [11:50] - Mədəniyyət
Azərbaycan Milli Xalça Muzeyində “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” üzrə ustad dərsləri keçirilib. Ustad dərsləri ictimaiyyətin diqqətini həsirçiliyin qorunması, təbliği, dekorativ-tətbiqi sənət nümunəsi kimi əhəmiyyəti və bu irsi yaşadan sənətkarların fəaliyyətinə yönəltmək məqsədi ilə təşkil olunub. Kiçik yaşlarından həsir toxuma sənəti ilə məşğul olan Masallı rayon sakini Fəridə Həşimova tərəfindən keçilən dərslərə iştirakçılar böyük maraq göstərib. F.Həşimova bildirib ki, babalarımız, nənələrimiz bu sənəti yaşatdığı kimi, bizim də borcumuz onu nəsildən-nəslə ötürərək yaşatmaqdır: “Həsir hazırlamaq üçün yaz-yay aylarında insanlar qamışlıqlardan “pizə” adlanan xüsusi xammal toplayırlar. Həsiri də qurudulmuş “pizə” çubuğundan şaquli və ya üfüqi dəzgahda toxuyurlar. Qamışdan və digər lifli bitkilərdən zənbillər, şlyapalar, çantalar və digər əşyalar da toxunur”.
Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva isə həsirçiliyin Azərbaycanda qədim tarixə malik xalq sənəti növlərindən olduğunu, onun eneolit dövründən başlayaraq təşəkkül tapdığını deyib: “Həsir əsasən ölkəmizin cənub bölgəsində minilliklərdir əvəzsiz məişət əşyası kimi işlədilib. Bu isə həmin zonanın subtropik iqlimi ilə əlaqədardır. Belə ki, həsir rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biridir. Döşəməyə həsir sərilən evdə rütubət olmur. Hazırda unudulmaqda olan həsirçilik sənətinin əsasən cənub bölgəsində yaşadılması da məhz buranın iqlimi ilə bağlıdır. Onu da qeyd edim ki, mütəxəssislərin qənaətinə görə, evdə həsirdən istifadə olunması revmatizm xəstəliyinin qarşısını alır”.
Qeyd edək ki, həsir əsrlərboyu məişət əşyası kimi istifadə olunmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət daşıyıb. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Ətraf mühitin plastik tullantılarla çirklənməsinin ciddi problemlərdən biri kimi müzakirə olunduğu müasir dünyada həsirçiliyin sənət növü kimi unudulmasına nəinki imkan verməməliyik, hətta onun inkişafı üçün əlimizdən gələni etməliyik. Çünki təbii xammaldan toxunan və bu gün də geniş istifadə olunan məmulatlar – sadə həsirlər, zənbillər, şlyapalar, çantalar və digər əşyalar ətraf mühitə, o cümlədən insan orqanizminə heç bir ziyan vurmur. Ona görə də həsirdən hazırlanan əşyaları müasir dəbə uyğunlaşdırmaq, forma və dizayn baxımından dekorativ və cəlbedici etməklə geniş şəkildə yaymaq lazımdır. Həsirçilik sənəti ilə bağlı Azərbaycan Milli Xalça Muzeyində təşkil olunan ustad dərsləri də məhz bu istiqamətdə atılmış ilk addımdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed