Şrift:
Çövkən milli oyunu üzrə Prezident Kuboku turniri başa çatdı
25.12.2019 [12:14] - İdman
Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin final matçı və üçüncü yer uğrunda qarşılaşma keçirilib. Finalda “Buta Golden” komandasını məğlub edən “Omar” klubu kuboka sahib olub. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, ölkəmizin idman ictimaiyyətinin və media nümayəndələri final qarşılaşmasını izləyiblər. Yarışın bağlanış mərasimində çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev artıq yeddi ildir keçirilən Prezident kuboku turnirinə marağın ildən-ilə artdığını deyib. Son illər ölkəmizdə atçılıq idmanının sürətlə inkişaf etdiyini və bu sahədə mühüm addımların atıldığını diqqətə çatdıran E.Quliyev bildirib ki, Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğanın bugünkü yarışın finalını izləməsi atçılıq idmanının şöhrətinin bütün sərhədləri aşaraq dünyada geniş yayılmasının göstəricisidir. Turnirin ölkəmizdə atçılıq idmanının inkişafına yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyevin doğum gününə həsr olunduğunu vurğulayan E.Quliyev əldə edilən uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, atçılıq idmanının sürətlə inkişaf edəcəyinə və Azərbaycanın idman uğurlarının təbliğində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Turnirin finalında “Buta Golden” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradan “Omar” klubu ilk dəfə kuboka sahib olub. Üçüncü yer uğrunda görüşdə isə “Polad” komandası “Sərhədçi”ni məğlub edib – 5:0. Final matçından sonra qalibləri və turnirin ən yaxşı idmançıları mükafatlandırılıblar. Turnirin ən yaxşı oyunçusu Rauf Tahirov (“Omar”), ən yaxşı atı isə “Şaban” ləqəbli at elan edilib. ARAF-ın prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.
Xatırladaq ki, dekabrın 13-də start verilən turnirin qrup və dörddəbir final mərhələlərinin oyunları Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilib. Qrup mərhələsində 12 komanda 4 qrupda mübarizə aparıb. A qrupunda “Omar”, “İsmayıllı”, “Murad”, B qrupunda “Polad”, “Şəki”, “Qarabağ”, C qrupunda “Buta”, “Ağcabədi”, “Köhlən”, D qrupunda isə “Sərhədçi”, “Ağstafa”, “Qala” komandaları yer alıblar. Dörddəbir finalda “Sərhədçi” – “Şəki” (1:0), “Buta” – “Murad” (2:0), “Polad” – “Qala” (6:0) və “Omar” – “Köhlən” (4:0) qarşılaşmaları keçirilib. Binə Atçılıq Mərkəzinin qapalı manejində oynanılan yarımfinal görüşlərində isə “Omar” komandası “Polad”ı 2:1, “Buta Golden” isə “Sərhədçi”ni 4:1 hesabı ilə məğlubiyyətə uğradıb. Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə keçirilən turnirin ümumi mükafat fondu 50 min manat olub. Xatırladaq ki, ötənilki turnirin finalında “Sərhədçi” komandası “Omar”ı 1:0 hesabı ilə məğlub etmişdi.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed