Şrift:
Hərbi Hava Qüvvələrinin hərbi hissəsində növbəti yaşayış binası istifadəyə verilib
25.12.2019 [13:04] - Hərb
Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov nazirliyin rəhbərliyi adından mərasim iştirakçılarını təbrik edib. Nazir müavini bildirib ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər onların daimi və xidməti mənzillə mütəmadi təmin olunması dövlətimizin başçısının ordumuza göstərdiyi qayğının bariz nümunəsidir. Tədbir zamanı məlumat verilib ki, beşmərtəbəli bina 70 tam təmirli mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahətini təmin etmək məqsədilə bütün lazımi şəraitin yaradıldığı bina üçün yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx, qonaq, uşaq və yataq mebelləri və istilik sistemi ilə təmin edilib. Əraziyə asfalt döşənib, 100 kubluq su çəni qoyulub və yaşıllaşdırma işləri həyata keçirilib. Mənzillərin təqdim edildiyi hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant R.Tahirov burada yaradılan şəraitlə tanış olub və hərbçilərin ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed