Şrift:
Tağı Tağıyevin əsərlərinin ekspozisiyası
27.12.2019 [08:27] - Mədəniyyət
Azərbaycanın tanınmış rəssamı Tağı Tağıyevin əsərlərinin ekspozisiyası keçiriləcək.
Ekspozisiya “Xalq Bankın” əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) baş tutacaq. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir. Qeyd edək ki, Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il, noyabr ayının 7-də Bakı şəhərində zərgər ailəsində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra 1940-1941-ci illərdəMoskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib.
Tağı Tağıyev əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığın yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, tarixi şəxsiyyətlərin təsviri, zəhmətkeş insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Sənətkarın “Koroğlu”, “Poladəridən”, “Qaynaqçı”, “Göygöl”, “Qarlı yollar”, “Xalçasatan”, “Uşaqlıq xatirələri”, “Abşeron silsiləsi”, “El gözəli”, “Qarayanız qız” və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə nümayiş etdirilmiş və böyük rəğbətlə qarşılanmışdır. Fırça ustasının yaratdığı “Qara Qarayev” və “Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub.
“Xalq Bank”ın əsas binasının 16-cı mərtəbəsində yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Tağı Tağıyev. Rəngkarlıq və qrafika” bədii albomunun təqdimatı və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib. Layihənin sayca 19-cu nəşrinə rəssamın yaradıcılığının müxtəlif mərhələlərini ehtiva edən əsərləri daxil edilib. Tədbirdə ölkəmizin sənət və elm adamları, bank sektorunun nümayəndələri, ictimai xadimlər, rəssamın ailə üzvləri iştirak edirdilər.
Albomun mətninin müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Tağı Tağıyevi milli rəngkarlığımızda böyük iz qoymuş sənətkar, yaradıcılığı böyük məktəb olan ustad adlandırdı. Tağı Tağıyev oğlu, rəssam Əkrəm Tağıyev ailəsi adından banka və layihənin yaradıcı kollektivinə minnətdarlığını bildirdi. “Xalq Əmanəti” layihəsini Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında möhtəşəm iş adlandırdı və atasının bədii albomunun nəşrinə görə sonsuz sevinci ilə bölüşdü.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed