Şrift:
Abşeronda üç il əvvəl törədilən dəhşətli qətllə bağlı məhkəmə başlayır
27.12.2019 [08:52] - Hadisə
Abşeron rayonunda üç il əvvəl qətl törətməkdə təqsirləndirilən Fuad Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim İlham Mahmudovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, 2016-cı ildə törədilən qətl hadisəsinin üstü bu ilin aprel ayında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində açılıb.
Belə ki, Tamara Rəsulova oğlu Əli Rəsulovun itkin düşməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsini ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb. Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu ilin aprelin 17-də Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed