Şrift:
“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib
27.12.2019 [09:07] - Gənclik
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. İctimai Birlikdən verilən məlumata görə, uşaqların ətraf mühit barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın dekabr təlimi tullantıların azaldılması, təkrar emalı və təkrar istifadəsi mövzusuna həsr olunub. Yeni il ərəfəsində baş tutan təlim zamanı uşaqlara təbiətə zərər vermədən Yeni il küknarının hazırlanması və bəzədilməsi yolları nümayiş edilib, tullantılar və onların təkrar emalı prosesi, bu prosesin planetimiz, xüsusilə də canlı aləm üçün əhəmiyyəti izah edilib. Təlim müddətində gənc təbiətsevərlər əyləncəli oyun və bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak ediblər. Təlimin sonunda IDEA İctimai Birliyi tərəfindən kiçik ekoloqlara Yeni il hədiyyələri təqdim edilib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayından həyata keçirilən “Uşaqlar üçün ekoloji laboratoriya” təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların kiçik yaşlarından ekoloji biliklərə sahib olmaları baxımından da əhəmiyyətlidir. Layihə çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib. Ümumilikdə, 2000-ə yaxın uşaq ekoloji laboratoriyanın qonağı olub. IDEA İctimai Birliyinin Resurs Mərkəzlərində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da növbəti ildən iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed