Şrift:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar şəhid övladları üçün tədbir keçirilib
27.12.2019 [10:00] - Hərb
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid övladları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin kollektivi, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Mərasimdə çıxış edən Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu tarix xalqımızın birlik günüdür. Bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı böyük ruh yüksəkliyi ilə qeyd edir. Şöbə müdiri çıxışını Ulu Öndərin “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” sözləri ilə bitirib. Sonra çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışaraq, hər kəsi həmrəyliyə, birliyə çağırıb. Tədbir iştirakçıları şəhid ailələrini daim yad etdiklərinə və göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda vətənpərvərliyi, qəhrəmanlığı vəsf edən mahnılar səsləndirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed