Şrift:
Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib
27.12.2019 [12:11] - Xəbərlər
Türkiyənin Sakarya Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Universitetin Azərbaycan-Türkiyə Qardaşlıq Birliyi tərəfindən təşkil olunan tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova 31 dekabr tarixinin azərbaycanlıların birlik və bərabərlik günü kimi qeyd edildiyini bildirib. Tarix boyu müxtəlif dövrlərdə Azərbaycan torpaqlarının düşmən işğalına məruz qaldığını qeyd edən N.Nəsibova XX əsrin sonlarından etibarən başlayan Qarabağ müharibəsindən, münaqişə nəticəsində azərbaycanlıların doğma torpaqlarından didərgin salınmasından bəhs edib. Qeyd edib ki, dünyanın bir çox bölgəsinə yayılan 50 milyondan çox azərbaycanlını birləşdirmək məqsədilə 31 dekabr - Azərbaycanlıların Həmrəylik Günü kimi təsis edilib.
Tədbirdə çıxış edən Sakarya valisi Ahmet Hamdi Nayir, Sakarya Büyükşəhər Bələdiyyəsinin sədri Ekrem Yüce, universitetin Azərbaycan-Türkiyə Qardaşlıq Birliyinin rəhbəri Vüqar Nəsirov, bu ali təhsil müəssisəsinin elmi işlər üzrə nümayəndəsi Ensar Kıvrak bu günün əhəmiyyətini qeyd edib, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə toxunublar. Bu günün yalnız dünya azərbaycanlılarına deyil, bütün türk dünyasına, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan türklərə aid olduğu və onlar tərəfindən də təntənəli şəkildə qeyd edildiyi vurğulanıb. Bayram mərasimi bədii hissə ilə davam etdirilib. Tədbirin sonunda iştirakçılar Azərbaycan mədəniyyətini özündə əks etdirən sərgi ilə tanış olublar.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed