Şrift:
SEVMƏK!!!
14.09.2012 [23:26] - Gənclik
Nicat CƏMİLZADƏ
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, jurnalist


Sevmək... Nə qəribə söz... Sadəcə iki heca, amma daşıdığı məna həyatlara işıq, ümid, yaşam eşqi gətirmək gücündə. Bəzən sevmək istəyirsən, sadəcə sevmək... Nədənsiz, keçərli səbəblər axtarmadan, plansız, qafiyəsi itmiş misralar kimi dağınıq... Dağınıq, amma anlamlı... Sevdiyim sərbəst şeirlər kimi... Bəzən də nizamlı, səliqəli, qafiyələri yerində, axarlı... Xalq ruhundan qopan qafiyəli şeirlər kimi... İstənilən halda sevmək insani üstünlük... Sevmək məsumluqdur, məsumlaşmadır, ruhun təslimiyyətidir saflığa...

Əslində, qəbul etsə də, etməsə də hər kəs içində bir sevgi daşıyır, hansı ki, doğulanda özü də bilmədən onunla doğulub. O sevgi quru torpağa düşmüş tənha toxum dənəsi kimi illərlə insanın içində qala da bilər, bəlkə heç cücərmək fürsəti də tapmaz... Bəzən isə ilk fürsəti dəyərləndirərək, bəlkə də bir tək yağmur damlasından qidalanaraq boy verər...

Sevmək... Ailəni sevmək – sənə həyat verdiyinə görə, var olmanın səbəbi olduğuna görə, ona bütün varlığınla borclu olduğunu dərk etdiyinə görə, sənə “ana”, “vətən” deməyi öyrətdiyinə görə, hələ yeriyə bilməyən vaxtlarında ayaqların, tuta bilməyən vaxtlarında əllərin, yıxılıb ağlayanda göz yaşını silənin, sən rahat yatağında yatarkən, gecələrcə səni düşünənin O olduğunu bildiyinə görə... Həyatda ən güvənilə biləcək insanların onlar olduğunu bildiyinə görə. Ən dar məqamlarda belə, hər kəs səndən üz çevirsə də, Onlara hər zaman güvənə biləcəyini ağlının bir tərəfində həmişə dərk etdiyinə görə...
Sevmək... İnsanları sevmək... İçində insan sevgisi gəzdirmək... Kim olduğundan, hansı sosial təbəqəyə mənsubluğundan asılı olmayaraq... Sadəcə insan olduğuna görə...

Bəzən də elə sevir ki insan, bütün ağlı qarışır, varlığından xəbərsiz olduğu biri özü də bilmədən həyatının tam mərkəzində qərarlaşır. Duyğularına, düşüncələrinə hakim kəsilir, sanki həyatının idarəsini öz əlinə alır. Həyatında indiyədək gördüyün hər şey fərqli görünür gözünə. Durumdan asılı olaraq, ağ-qara, ya da rəngli...

Sevmək borclu olmaqdan qaynaqlanmır hər zaman. İnsan qarşılıqsız sevməyi də bacarmalı. Məsələn, Vətəni sevmək...

Sevməyin ən uca mərhələsi Vətən sevgisidir, fikrimcə. Yalnız bu sevgi toxumları insanın içindən baş qaldırdığını duyanda qalan digər sevgilərin aliliyini və doğmalığını, həyati zərurətini anlayır insan. O zaman anlayır həyat mübarizəsinin müqəddəsliyini.

Vətəni sevəndə Onu müqəddəs, amma mücərrəd bir qavram kimi sevmir insan. Hər şeyi ilə sevir. Tarixi abidələrini sevərsən, tarixinə tanıqlıq etmiş abidələrini... Öz divarlarında ulu bir keçmişi yaşadır çünki. Onların varlığı soylu bir ulusun mövcudluğunun sübutudur çünki. Çöllərini sevərsən, bomboz, boş görünən, amma bir zamanlar qanlı döyüşlər şahidi olmuş çöllərini. O çöllər ulularının qanı ilə suvarılmışdır çünki. Çaylarını sevərsən, bomboş çöllərə həyat verən suları vardır çayların... Həm də dərd daşıyan Arazı vardır Azərbaycanın... Əsrlərlə həsrətlə baxan gözlərə, göz yaşlarına, dərdli ürəklərə şahid olmaqdan yorulmuş Araz... Bu günə qədər davam edən, get-gedə dərinləşən həsrət şahidi... Qəmli könüllərin qəzəbinə düçar olan, günahlandırılan Araz... Onun dənizini sevir insan –Xəzərini. Ağ günlərə aparan qara nefti ilə... Bəzən onun sahilində qayğısızca gəzdiyi üçün, bəzən bütün fikirlərdən yaxasını qurtarmaq istəyəndə ona sığındığı üçün, bəzən sahilində öz keçmişi və gələcəyi arasında ağlında olan get-gəllərdən qurtulmaq istəyəndə ona pənah apardığına görə... Bəzən də olur ki, bunların heç biri olmur, sadəcə Xəzəri görmək istəyirsən. Onun sahilində dolaşmaq, dalğalarla söhbətləşmək, dərdləşmək istəyirsən. Ya da dalğaların sahil qumlarına anlatmağa çalışdıqlarını duymaq istəyi... Xüsusilə küləkli havada dənizdən bir səs ucalır. Sanki Xəzər yorulub, özündə əsrlərcə saxladığı sirlərdən qurtulmaq istər kimi üsyan edir. Biz necə ki dərdlərimizi ona anladıb yüngülləşmək istəyirik, o da özündə saxladığı gizəmləri dalğalarında gəzdirməkdən yorulub, bizə söyləmək istəyir. Qız qalasını sevərsən... Onun üstündən Bakıya baxanda möhtəşəm bir mənzərə - bir bayraq görərsən. İçində bir qürur oyanar insanın. Xəzərdən əsən küləkdə elə nazla dalğalanar ki bu nazlı bayraq... Gözlərini çəkə bilməzsən bayrağın rüzgarla bənzərsiz rəqsindən. Sanki O, uğrunda qanlar töküldüyündən xəbərdardır. Ortasındakı qırmızı zolağın qan rəngi... Buna baxmayaraq, üstündə mavi və qüsursuz səma, aşağıda yamyaşıl çöllər... İçindən deyər ki, insan: “Yaxşı ki bu bayraq var, Onun belə özgürcə dalğalanması hər şeyə dəyər.” Qan rəngli zolağın üstündə ay və ulduz... Ay və ulduz əbədiyyət rəmzi... Bizə tökülən qanlara rəğmən əbədi olacağını, əbədi dalğalanacağını deyər kimi...
Bu xəbər oxucular tərəfindən 1167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed