Şrift:
Müasir İncəsənət Muzeyində “Səid və Əşrəf” adlı sərgi açılıb
29.12.2019 [21:20] - Mədəniyyət
Müasir İncəsənət Muzeyində mərhum tanınmış rəssam Əşrəf İbrahimov və oğlu Səid İbrahimovun əsərlərindən ibarət rəsm sərgiləri açılıb. “Səid və Əşrəf” adlı sərgidə 50-dən artıq rəngkarlıq və qrafika janrında olan əsərlər nümayiş olunur. Sərginin açılışından öncə Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov sərgi ilə bağlı təəssüratlarını bölüşüb. İlboyu muzeydə mütəmadi olaraq müxtəlif sərgilərin açıldığını deyən X.Abdinov sərgilərə hər zaman böyük maraq olduğunu söyləyib. Hazırkı sərginin də bu qəbildən olacağına ümidvar olduğunu vurğulayan Müasir İncəsənət Muzeyinin müdiri ekspozisiyada yer alan sənət əsərlərinin məna və məzmun baxımından mükəmməlliyini qeyd edib.
Səid İbrahimov sərgidə nümayiş edilən əsərlər haqqında məlumat verib. Bildirib ki, ekspozisiyada təqdim olunan əsərlərdən 11-i atasının əl işidir: “Atam uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetində işləyib. O, həm qəzetin baş redaktoru kimi, həm də sənətşünas olaraq fəaliyyət göstərib. Onun əsərləri dəfələrlə ölkədaxili müxtəlif sərgilərdə maraq doğurub. Əsərlərini ölkəmizin mədəniyyətinin təbliği istiqamətində ən uğurlu sənət əsəri hesab etmək olar. Atamın və mənim əsərlərimizdən ibarət sərginin təşkilini çoxdan düşünürdüm. Bildiyiniz kimi bu sərgidə ata və oğulun əl işləri yer alır. Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq”.
Sərgidə müxtəlif mövzulu sənət əsərlərinin nümayiş edildiyini deyən Səid İbrahimov bildirib ki, onun “Nəsimi ili” çərçivəsində portretləşdirdiyi "Nəsimi" əsəri ekspozisiyada yer alır. Sonra qonaqlar sərgi ilə tanış olublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed