Şrift:
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası 2019-cu ili uğurla başa vurub
03.01.2020 [09:44] - İdman
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasında (ADFA) ilin yekunları müzakirə olunub. Tədbirdə Assosiasiyanın üzvü olan Azərbaycan Alpaqut, Uşu və Muay-Tay federasiyasının nümayəndələri, klubların rəhbərləri, məşqçilər və hakimlər iştirak ediblər. ADFA-nın prezidenti Azər Həsənsoy federasiyanın 2019-cu ili uğurla başa vurduğunu bildirib. Qeyd edib ki, uşu və muay-tay üzrə yığma komandalarımız bir çox turnir və çempionatlarında mühüm nailiyyətlər qazanıblar. Diqqətə çatdırıb ki, artıq 13 ildir ənənəvi uşu üzrə dünya çempionatlarının proqramına vinçun-tao, son üç ildə isə Avropa çempionatının proqramına vinçun–sanda yarışları daxil edilib.
Federasiya prezidentinin sözlərinə görə, ölkəmiz üçün yeni olan alpaqutun inkişafı istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Ötən ay Bakıda "Sərhədçi" İdman Olimpiya Kompleksində keçirilən alpaqut üzrə ikinci dünya çempionatında Azərbaycan komandasının uğurla çıxış edərək birinci yeri tutması böyük qələbədir.
Tədbirdə Alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, federasiyaların nümayəndələri, klubların rəhbərləri, məşqçi və hakimlər cari ildə döyüş növləri üzrə əldə edilən nailiyyətlərdən və qarşıda duran hədəflərdən danışıblar. Assosiasiya ilin ən yaxşı federasiyası kimi Azərbaycan Alpaqut Federasiyasını seçib. İlin ən yaxşı məşqçisi isə Elçin Eminov olub. Sonda il ərzində fərqlənmiş idmançı, məşqçi və klubların rəhbərləri, federasiya rəsmiləri, eləcə də mətbuat nümayəndələri fəxri fərman və diplomlarla təltif olunublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed