Şrift:
Nəsimi ilinə daha bir töhfə olan yeni kitab işıq üzü görüb
05.01.2020 [22:15] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Nəsimi ilinə daha bir töhfəsi olan yeni kitab işıq üzü görüb. Dahi söz ustadının mübarizəli həyat yolunun ayrı-ayrı məqamlarını orta əsr məxəzləri əsasında təsvir edən Nəsiminin 3 dildə yaratdığı zəngin ədəbi irsindən bəhs edir. Yaradıcılığının müxtəlif dövrlərində həllaciyə, bektaşilik, hürufilik kimi müxtəlif fəlsəfi cərəyan və təriqətlərə üz tutsa, şeirlərində məsləkdaşlarının baxış və düşüncələrinə uyğun bədii lövhələr yaratsa da, humanist idealların Nəsimi irsinin daimi yol yoldaşı olması portret-oçerkdə xüsusi vurğulanır. Kitabda İmadəddin Nəsiminin araşdırılmasında və xalqa təqdimində əməkləri olan klassik təzkirəçilərdən tutmuş, Salman Mümtaz, İsmayıl Hikmət kimi araşdırıcılaradək, eləcə də onlardan sonrakı nəsillərin mətnşünas və alinlərinin əsərləri yüksək dəyərləndirilir. Kitabın məziyyətlərindən biri də ondan ibarətdir ki, Nəsimi haqqındakı esse Azərbaycan dilindən savayı ingilis, rus və türk dillərində də verilir. Bu isə öz növbəsində, əcnəbi oxucuların Nəsiminin ömür yolu, söz və sənət dünyasını daha yaxından görüb-tanımasına meydan açır.
Yüksək poliqrafik səviyyədə nəşr edilmiş kitabı Azərbaycanın görkəmli rəssamları Sadıq Şərifzadə, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə və başqalarının İmadəddin Nəsiminin həyat yoluna aid tabloları və ayrı-ayrı qəzəllərinə çəkdikləri illüstrasiyalar bəzəyir. Eyni zamanda, nəfis tərtibatlı kitabda son yarım əsr içərisində Nəsimiyə həsr edilmiş müxtəlif dekorativ-tətbiqi sənət nümunlərindən fraqmentlər də yer alır. Məkana və zamana sığmayan, ana dilimizin və bədii təfəkkürümüzün inkişafına, həmçinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına güclü təsir göstərən, insanı ülviləşdirərək ilahi mərtəbəyə ucaldan Nəsiminin bütün dövrlərin sevimli şairi olması və həmişə də belə qalacağı kitabın başlıca qayəsini təşkil edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed