Şrift:
Gələcəyimizin təhsil yönü – millilikdir
15.09.2012 [16:37] - Gündəm, Mədəniyyət
Bugünkü təhsil dünya bilikləri, ehtiyacları ilə son dərəcə zəngindir. Elmdə, fəlsəfədə, başqa sahələrdə nə varsa, hamısını təhsilə gətirirlər. Bu baxımdan, onu dolğun saymaq olar. Yəni insanın ağlı nəyə çatıbsa, təhsil də onu öyrədir.
Tədrisə, məktəb işinə çox ciddiyyətlə yanaşılmalıdır. Orada tez-tez dəyişiklik edilməməlidir. Dəyişikliklər təhsilə, sinfə, auditoriyaya hiss olunmadan gətirilməlidir. Yalnız nadir hallarda təhsil sistemini söküb yenidən qurmaq olar.
İndi təhsilimizdə gərəyindən artıq yüklənmə var. Sanki yarış gedir. Aşağı yaşlardan təhsilə cəlb etmək, məktəblinin proqramını çətinləşdirmək – bunlar şagirdlərə xeyirli deyil. Çünki ömrün o gözəl, təbiətlə insanın hələ bir-birindən tamam ayrılmadığı çağında uşaqların həyatı zorlanmamalıdır. Onlar uşaqlıq edə bilməlidirlər. Öz uşaqlığını bütünlüklə biliyə qurban verən, gününü dərslik üzərində həddindən artıq oturub baş sındırmağa həsr edən uşaq normal böyüyə bilməz. Onun sonrakı yetkin çağları insan xoşbəxtliyinə çox da uyğun gəlmir. Belə adamların təbiiliyi, səmimiliyi az olur. Onlar hər şeyi bilikdə axtarırlar. Yanındakı insanı, üstündə gəzdiyi torpağı, başının üzərindəki göyü çox da anlamırlar. Çünki təhsil sistemi onu bunlardan ayırır. Çoxlu bilik, insani ilişkilərdə soyuqluq yaradır.
Bilik Gününün – dərs ilinin başlanmasının sentyabrın 1-dən 15-nə keçirilməsinin məntiqi anlamı yoxdur. Bilik Günü və onun kimi başqa günləri insanlar müəyyən edirlər. Məktəblilər, müəllimlər o günə öyrəşir, uyuşur, isnişir, doğmalaşır, bunu müəyyən anlamda mütləqləşdirib sevirlər. Sonra həmin gün 15-nə atılır, uşaqların təsəvvürləri qarışır, o günə sevgiləri itir. Bu, başqa ölkələrin təlim sisteminə bac vermək idi – gərək deyildi.
Orta məktəblərdə dinin tədrisi müəqəddəsliyə xidmət etmir. Toplum bu gün dindən doymuş məhlul halındadır. Hər yan dindir, onu gətirib təhsilin əsaslarına da yeridəndə başqa fəsadlar yaranar. Məsələn, bizdə milli şüur dini şüura baxanda yox səviyyəsindədir. Bununla belə, deyirlər ki, xalqımızda dini şüurun artması üçün orta məktəblərdə din öyrədilməlidir. Orta məktəbdə dinin tədrisi olan-qalan milliliyi aradan qaldırar. Faciə ondadır ki, adam uzun illər orta və ali məktəblərdə oxuyur, yaşlanır, ancaq heç bir milli şüura yetə bilmir.
Dini tədris etmək istəyirlər ki, insanlar onun mahiyyətini elmi şəkildə anlasınlar, guya cəfəngiyyata getməsinlər. Heç bir dinin başlıca məqsədi elm deyil. Dindən elm kimi danışmaq – onu anlamamaqdır. Dinin istəyi – ruhaniyyatdır. Dinin məktəbə gəlməsi məktəbi gözəlləşdirməyəcək, əksinə, özündən ayıracaq.
Biz isə sayırıq ki, orta və ali məktəblərdə İnsanilik dərsi öyrədilməlidir. Ayrı-ayrı elmləri, dini öyrənməklə İnsanlaşma baş tuta bilməz. Tarix boyu din, elm gecə-gündüz məktəblərdə öyrədilib – insan yetişməyib!
İnam Atamız deyir ki, təhsil müəssisəsi məbədə çevrilməlidir. Çünki yüyürməklə, yarışmaqla, elm xurcununu partlayana qədər kitabla doldurmaqla insanilik bir araya sığmır. İnsanlıq yavaş yeriş, düşünmə əhvalı, fərddən mənəvi oyanış tələb edir. Çağımız bu hallara qarşıdır. O, elə hey yüyürür, yarışır, guya qalib gəlir, bir şey də alınmır, heç bir insanlaşma baş tutmur.
Mən 7 illik təhsilimi Beyləqan rayonunun Təzəkənd kəndində oxumuşam. O, bizim Bolsulu kəndindən bir neçə km aralıdaydı. Məktəbin maddi-texniki təminatı da yox idi. İkiqatlı, taxtadan tikilmiş bir məktəb idi. Ancaq orada Bayram Səfərov adında riyaziyyat müəllimim vardı. O, şən, yorulmaz, hər uşağı sevən, doğma, qayğılı, səliqəli, zövqlü, şövqlü müəllim idi. Mənim üçün o məktəbin gözəlliyi Bayram müəllimin adı ilə bağlıdır. Yaxşı bilirəm ki, Bayram müəllim də, başqa müəllimlər də orada mənim kimi şagirdin oxumasından məmnun idilər. Yəni məktəbin gözəlliyini müəllim şəxsiyyəti və öyrənci sevgisi yaradır.
Məktəbin gözəlliyini müəllim və öyrənicilər başqa yerdə axtarmasınlar. O gözəllik onların özlərindədir. Yoxsa ki, kurrikulum buradan gəldi, Avropadan filan təhsil üsulu gəldi, Rusiyadan filan...
Məktəblərimizə, müəllimlərimizə və canlı çiçək çələngi olan öyrəncilərimizə insani gözəllik, ruhani gözəllik, idraki gözəllik yanğısı diləyirəm.
Atamız var olsun!

15 Ata 34-cü il.
(15 sentyabr 2012).
Bu xəbər oxucular tərəfindən 1458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed