Şrift:
Mirzə Şəfi Vazeh irsinin ləyaqətli tədqiqatçısı – Akif Bayramov...
08.01.2020 [00:55] - Gündəm
Bəşəriyyət tarixində elə məqamlar olur ki, hərəkətin, fəaliyyətin, fikir və zəkanın yeni formaları meydana çıxır; bu yeni sıçrayışa, partlayışa, sensasiyaya səbəb olur. Bu anlayış daha çox elmə aiddir. Elm kamil insanların axtarışı nəticəsində meydana çıxır, ilk alimlər, ilk filosoflar peyda olur. Erkən orta əsrlərdən başlayaraq müasir dövrümüzə qədər bizim dünyada iki əks sivilizasiya tipi yaranmışdır: dünyanı təkmilləşdirməyə yönəlmiş, əməli dəyişdirici fəaliyyətə əsaslanan Qərb sivilizasiyası və insanı kamilləşdirən, mənəviyyatın əsas olmasından çıxış edən Şərq sivilizasiyası. Doğrudur, bu gün Şərq-Qərb bölgüsü siyasi siferada olmasa da, elm aləmində şərti xarakter daşıyır, çünki bir çox Şərq ölkələri müvəffəqiyyətlə Qərbin təkmilləşmə üsuluna yiyələnib, Qərb dünyasının bir çox görkəmli nümayəndələri isə insanın Şərq kamilləşməsi yolu ilə gedir.
Hər bir ölkədə nəşr olunan ensiklopediyaların səhifələrini vərəqləyəndə, demək olar ki, dünya elminin inkişafında müstəsna rol oynamış Antik dövrdən başlayaraq, erkən orta əsrin görkəmli şəxsiyyətləri, hamımızın dillər əzbəri olmuş Platonun, Aristotelin, Herodotun, Ptolomeyin, Eratosfenin, Arximedin, Evklidin, Strabonun, Əbu Reyhan Biruninin, Əbu Əli ibn Sinanın, Əl-Xorezminin, Mühəmməd Nəsirəddin Tusinin, Kopernikin, Nyutonun, Lomonosovun və başqa alimlərin adları ilə mütəmadi olaraq üzləşirik. Bütün bu alimlərin dövrü fəaliyyəti və elmi irsi beynəlxalq elm mütəxəssisləri tərəfindən öyrənilərək dünya ictimaiyyətinin nəzərinə çatdırılmışdır. Şərqin də bu cür kamil şəxsiyyətləri olmuşdur. Təkcə Azərbaycanda ən qədim dövrlərdən yaşayıb fəaliyyət göstərmiş dahilərin fəaliyyətlərini göx önündən keçirsək,xüsusən erkən orta əsrlərdə tibb, astronomiya, riyaziyyat, ədəbiyyat sahələrinin surətli inkişafının şahidi olarıq. Bu dövr – XI və XII əsrlər Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Təbrizdə, Marağada, Şamaxıda, Gəncədə və s. qədim bölgələrdə tanınmış alimlərin iştirakı ilə elmi mərkəzlər yaradılaraq, fəaliyyət göstərməyə başlamışdı. Bu dövrdə yaşayıb yaratmış dahi şəxsiyyətlərdən Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Ömər Kafiəddin, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Əbu-Bəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları, nəinki Azərbaycan məkanında və yaxud regionda, hətta dünya miqyasında tanınan dahilərdir. Sonrakı dövrlədə, lap günümüzə qədər belə bir ənənənin davamçılarının siyahısını təqdim edəsi olsaq böyük bir ensklopedik məlumat boxçası yaranmış olar... Onlardan biri də, şəksiz XVIII əsrin sonlarında anadan olmuş, XIX əsrdə (1794 - 1852) yaşayıb yaratmış “Gəncəli müdrik” ləqəbini qazanmış, lirikası ilə Avropanı – Qərb dünyasını fəth etmiş Mirzə Şəfi Vazehdir.
Mirzə Şəfi irsinin tədqiqi və öyrənilməsi Azərbaycan ədəbiyyatşünaslığının şərəf işidir. Qeyd etmək lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai-fəlsəfi fikirlərinin öyrənilməsi sahəsində ədəbiyyatşünaslardan Ə.Ə.Seyidzadə, S.Mümtaz, E.Enikolopov, professorlarımızdan M.Rəfili, F.Qasımzadə, H.Hüseynov, M.Qasımov və akademik A.Makovelskinin xüsusi xidmətləri olmuşdur. Bu görkəmli adlar və şəxsiyyətlər sırasında bir mirzəşəfisünast kimi Akif Bayramovun öz orjinal və müstəsna yeri vardır. Orjinallıq və müstəsnalıq ondan ibarətdir ki, adlarını çəkdiyimiz çox görkəmli alimlər Mirzə Şəfini orjinalda və yayımlanmış olan Alman dilindən, özü də az-az mütəxəssisin bildiyi qədim Alman-Qot dilindən deyil, rus mənbələrində məlum faktlar əsasında öyrənmişlərsə, Akif Bayramov birbaşa orijinaldan və ilkin mənbədən istifadə etmişdir. Biz burda, məşhur dilçi-alim, doktor-professor Fəxrəddin Veysəllinin bu mövzudakı fikrini də fikrimizə söykək gətiririk: “Mirzə Şəfi nəğmələri Qot əlifbasıyla yazılıb və bizim tədqiqatçılar onu oxuya bilmirlər. Onun ən məşhur tədqiqatçısı Əjdər Seyidzadə də, ancaq rus və yerli mənbələrə əsaslanıb. Onlar alman mənbələrinə üz tutmayıblar.”
Akif Bayramovun bu sahədə əsas xidməti odur ki, o, ilk dəfə Mirzə Şəfinin müəllifliyinin saxtalaşmasını xronoloji ardıcıllıqla sistemləşdirib. Alimin tədqiqatında Moskvadakı Rusiya Dövlət Kitabxanasından, Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kitabxanadan, M.F.Axundov adına Mərkəzi Dövlət Kitabxanasından, Berlindəki Humbolt adına Dövlət Universitetinin və Drezden şəhərinin kitabxanasından əldə edilmiş materiallardan ciddi sübutlar kimi istifadə olunub.
Elmi işin müvəffəqiyyətini təmin edən amil odur ki, tədqiqatçı Mirzə Şəfinin həqiqi müəllifliyinin təsdiq olunması işinin yönünü düzgün təyin edib: Fridrix Bodenştedtin özünün Mirzə Şəfi Vazeh haqqında söylədiklərinin müqayisəli analizi; hər iki ədibin müasirlərinin və indiki tədqiqatçılarının onlar haqqında söylədiklərinin detallı tədqiqi; M.Şəfinin alman dilinə tərcümə edilmiş irsinin və orijinalının tutuşdurulması.
Akif Bayramov elmi dəqiqliklə çox vacib sualın cavabını tapıb: niyə M.Şəfinin müəllifliyinin sübutu bu qədər uzun çəkib? Müəllif belə hesab edir ki, buna səbəb aşağıdakılardır: şairin avtoqraflarının azlığı, Bodenştedtin M.Şəfi haqqında ziddiyyətli ifadələri, alman yazarın şəxsi arxivinin tədqiq olunmaması, problemə dair alman mətbuatının və ədəbiyyatının birtərəfli tədqiqi, ikinci dərəcəli mənbələrə istinad və s. Monoqrafiyada ilk dəfə, Bodenştedtin müəllifliyini birmənalı təkzib edən və poetik əsərlərin müəyyən qisminin böyük Azərbaycan şairinə məxsus olduğunu sübut edən müəlliflərin elmi tədqiqatlarının antologiyası da təqdim olunub.
M. Şəfinin yaradıcılığını öyrənən digər ədəbiyyatşünasların səhvi onda olub ki, onlar M.Şəfinin şeirlərini Sədinin, Xəyyamın, Hafizin, Caminin, Nasirin və başqalarının əsərləri ilə qarışdırıblar. Onlar M. Şəfinin adı ilə bağlı bütün alman nəşrlərinin mütərəqqi olduğunu deyirdilər, halbuki Bodenştedtin özünə məxsus olan nəşrlər dar elmi düşüncənin məhsulu idi. Akif Bayramovun monoqrafiyasının əksər hissəsi alman alimlərinin M. Şəfinin əsərlərinin tapılmasında və ona məxsusluğunun sübut olunmasında oynadıqları rola həsr olunub. A. Berjenin, Q. Rozenin, B. Qrutanın, K. Zyundermeyrin mülahizələrinin qeyri-obyektivliyini sübut edərək, Akif Bayramov bu mənbələrin M. Şəfi yaradıcılığının öyrənilməsinə neqativ təsirini də göstərib…
Akif Bayramov milli ədəbiyyatın, milli mədəniyyətin maraqları ilə yaşayan və həmin maraqları qələmi və idrakı ilə müdafiə etməyə qadir bir intellektual, həmin milli ədəbiyyata, mədəniyyətə nəinki səriştəli qiymət verməyi bacaran, eyni zamanda həmin mənəvi dəyərlərlə fəxr edən görkəmli ədəbiyyat, mədəniyyət xadimidir.
Akif müəllim öz doğma xalqının tarixi və taleyi kontekstində yaradıcılığı yüksək qiymətə malik görkəmli filoloqdur. Mən əvvəllər də dəfələrlə yazmışam ki, sənətdə və o cümlədən də, təbii ki, ədəbiyyatda sənətə aparan yol millidən keçir, milli kökləri dərində olduğundan Akif Bayramov Mirzə Şəfinin Avropadan Azərbaycana daha mükəmməl, olduğu kimi qaytara bildi. Mən onu çoxdan, 40 ilə yaxındır ki, tanıyıram və ədəbiyyata, milli köklərə, milli əxlaqa bağlılıq onun həyat kredosudur. Adi məişət hadisələrindən, insani münasibətlərdən tutmuş, ciddi elmi, siyasi postulatlara qədrər hər bir məsələyə o, yalnız və yalnız milli müstəvidən baxır və qiymətləndirir... Kosmopolit təsəvvürlərdən, ikili standartlardan çox uzaq olan şəxsityyədir Akif Bayramov... Və bilənlər bilir, bilməyənlərə bildirim ki,bu məqama çatmaq üçün o uzun bir yol, 80 illik bir ömür yolu keçməli olmuşdur.
Tanınmış tədqiqatçı alim, almanşünas, klassik şairimiz Mirzə Şəfini xalqımıza daha çox tanıtmaqda misilsiz xidmətləri olan Akif müəllim bu ömür yolunda filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü-akademiki, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın əməkdar müəllimi kimi fəxarətli elmi adlarını, dərəcələrini almışdır...
Ötən əsrin altmışıncı illərində Azərbaycanda o vaxtlar çox az ədəbiyyat mütəxəssisinə bəlli olan Mirzə Şəfi Vazeh haqqında dövri mətbuatda olduqca maraqlı, tarixi sənədlərə söykənən yazılar dərc olunmağa başladı. Bu yazıların müəllifi xarici ölkədən - Almaniya arxiv və mətbuatından Mirzə Şəfinin şeir incilərini böyük zəhmət hesabına üzə çıxaran gənc tədqiqatçı Akif Bayramov idi.
Akif Əmirxan oğlu Bayramov 1938-ci il fevralın 20-də Borçalı mahalının Arıxlı kəndində nəsilli-nəcabətli, zəhmətsevər bir ailədə dünyaya göz açıb. O, ailənin ən kiçiyi idi. Orta məktəbi qurtarandan sonra Bakıya gəlib Xarici Dillər İnstitutunun alman dili şöbəsinə daxil olur... Tələbəlik illərindən axtarışa, yaradıcılığa meyilli gənc Akif alman dilinə mükəmməl yiyələnməklə yanaşı, almanların Azərbaycan xalqı ilə mədəni əlaqələri haqqında xeyli məlumat əldə emyə nail olur...
İnstitutu bitirib Borçalıya dönür. O vaxtlar xarici dil müəlliminə yerlərdə çox böyük ehtiyac vardı. Bir müddət kəndlərində müəllim işləyir, eyni zamanda, axşam fəhlə-gənclər məktəbində direktor vəzifəsində çalışır, biliyi, işgüzarlıgı, təşkilatçılığı ilə rayonda tanınır. Bu cəhətlərinə görə 1964-cü ildə onu Bolnisi rayon komsomol komitəsinin birinci katibi vəzifəsinə irəli çəkirlər. O, az müddətdə burada da özünün fəallığı və təşkilatçılığı fərqlənir, xarici ölkələrdə təşkil olunmuş gənclərin ictimai-siyasi yığıncaqlarındada dəfələrlə iştirak edir, maraqlı, problematik çıxışları və məruzələri ilə diqqəti çəkir... Amma Akifin arzusu təhsilini davam etdirmək, tələbəlik illərində başladığı elmi araşdırmaları davam etdirmək idi və bu məqsədlə tutduğu yükək mövqedən könüllü əl çəkdi, yenidən Bakıya gəldi. Bir müddət "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir işlədi, maraqlı məqalələri, yazıları ilə tanındı və burada onu yenidən komsomol işinə irəli çəkdilər. Azərbaycan Respublika Komsomolu Mərkəzi Komitəsində, sonra bir neçə il respublika Daxili İşlər Nazirliyində məsul vəzifəərdə işlədi. Lakin elmə marağı onu bir an da olsun tərk etmirdi... Rahat vəzifə kreslosundan güc-bəla imtina edərək ( o dövrdə rəsmi orqanlarda işləyənlərə müdafiə etmək qadağası var idi) Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda professor Kamran Məmmədovun rəhbərliyi altında "Mirzə Şəfi Vazehin ədəbi irsi sovet və alman məxəzlərində" adlı elmi iş götürdü və 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə etdi. Bununla kifayətlənməyib, tədqiqat işini davam etdirdi. 1989-cu ildə Azərbaycan Dövlət Universitetində "Klassik Azərbaycan ədəbiyyatı alman dilində" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmlər doktoru elmi adına layiq görüldü. O dövrdə, müdafiənin ən böyük çətinliklərinən biri də o idi ki, bütün dissertasiyalar rus dilinə çevrilərək Mockvada,SSRİ VAK-ında ələk-vələkdən keçirilərək təstiq olunurdu... Akif Bayramov bu çətinlikləri də dəf etdi...
Bu dissertasiyasında Akif müəllim Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Xaqaninin, Mirzə Şəfi Vazehin əsərlərinin alman dilində nəşr olunmasından, onların tərcümə səviyyəsindən bəhs edir, alman ədəbiyyatşünasları ilə elmi mübahisələr aparırdı. Onun alman mütəxəssisləri ilə Mirzə Şəfi Vazeh - Bodenştedt münasibətləri barədə elmi diskussiyaları, cəsarətli sübutları o vaxtlar ədəbi ictimaiyyət arasında böyük maraq doğururdu. Həmin illərdə Akif müəllim dövri mətbuatda Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında silsilə məqalələr dərc etdirdi. Bir cəhəti də qeyd etmək lazımdır ki, Mirzə Şəfi Vazeh və alman şairi, tərcüməçisi Bodenştedt arasındakı münasibətlərə o, çox real yanaşmış, bu məsələdə Bodenştedtin plagiatlığını sübut etməklə yanaşı, əməyini də qeyd edib, əsl həqiqəti meydana çıxarmışdı. Bəlkə də Bodenştedt olmasaydı, Mirzə Şəfi Vazeh kimi şair bu qədər tanınmayacaqdı. Bodenştedt öz müəlliminin - M.Ş.Vazehin şeirlərini toplayıb nəşr etdirib. Həmin şeirlər sırasında bizim başqa klassiklərin əsərlərinin olduğunu da ilk dəfə Akif müəllim müəyyənləşdirmişdir.
1984-cü ildən Akif Bayramov pedaqoji işə keçib. 1993-cu ilə kimi Gəncə Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə dosent, sonra isə professor kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən isə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dillər kafedrasının müdiri kimi fəaliyyət göstərir. Qeyd edək ki, bir pedaqoq kimi o, tələbələr üçün "Metodik göstəriş" dərs vəsaitini və "Alman dilindən minimum lüğət" vəsaitini də, hazırlayıb çap etdirmişdir. Onun elmi-publisistik əsərləri bununla bitmir. O, "Klassik irsimizdən" (1975), "Mirzə Şəfi Vazehin ədəbi irsi" (1980), "Nizami Gəncəvinin Almaniyada böyük şöhrəti" (1986, rus dilində), "Klassik Azərbaycan ədəbiyyatı alman dilində" (1992), “Qərb ədəbiyyatı Azərbaycan filoloji fikrində” (2006), “Nəğmələr şairi M.Ş.Vazehin ədəbi irsi” (2008) monoqrafik tədqiqatları işıq üzü görmüşdür. Akif Bayramov Fridrix Bodenştedtin "Mirzə Şəfi haqqında xatirələr" kitabını alman dilindən Azərbaycan dilinə çevirmiş və bu əsər Bodenştet və Mirzə Şəfi əlaqə və münasibətlərinə ilk mənbədən işıq salmışdır. Yeri gəlmişkən, Bodenştet əsər boyunca Mirzə Şəfiyə çox böyük hörmətlə yanaşır. Ona «Hörmətli müəllimim», «Gəncəli Ustad», «Gəncəli Müdrik» deyə müraciət edir. Onun dünyagörüşünü, fəlsəfi fikirlərini geniş açıqlayır.
Akif Bayramov ciddi elmi-pedaqoji yaradıcılıla yanaşı, ədəbi-bədii yaradıcılıqla da məşğul olur. Onun yazdığı pyes və şeirləri, nəsri də oxucu rəğbətini qazanmışdır. "Qaytarılmış məhəbbət" pyesi Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyulmuş, "Dost məhəbbəti", "Sevinc", "Mirzə Şəfi Vazeh", "Səni axtarıram" pyesləri müxtəlif illərdə televiziya tamaşası səhnə janrında respublika televiziyası ilə göstərilmişdir. Onun nəsr nümunəsindən bir hekayəsi 2008-ci ildə amerikalı yazıçı Barbara Şolin və Franses Manuşkinin rəhbərliyi ilə MDB üzrə Moskvada keçirilən uşaq ədəbiyyatına dair "Ən yaxşı yazarlar" sorğu müsabiqəsində mükafata layiq görülmüşdür ki, bu nəsrimizdə əlamətdar hadisələrdəndir...
Ən böyük və əlamətdar hadisələrdən birini də, xüsusi olaraq qeyd etməliyik. Məlumdur ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın apardığı xoşməramlı layihələri ilə, xalqımızı sevindirən işlər gerçəkləşdirməsi ilə çağdaş tariximizə silinməz izlər qoymaqdadır. Dünyanın və ölkəmizin görkəmli sənətkarlarının irsinin təbliği, bəşəri yazıçıların əsərlərinin nəşri, musiqi, rəssamlıq, heykəltəraşlıq, milli geyim, xalçaçılıq, dekorativ tətbiqi sənət, və s. mədəni dəyərlərin tədqiqi və qorunması ilə bağlı fondun gördüyü işlər beynəlxalq aləmdə maraqla izlənilir. Tədqiqatçı alimlərin araşdirmalarına da fondun fəaliyyətində geniş yer ayrılmışdır. Onlardan biri də filologiya elmləri doktoru, professor Akif Bayramovun Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına həsr etdiyi «Литературное наследие Мирзы Шафи Вазеха» adlı əsərin nəşridir. Həmin monoqrafiya 2015-ci ildə “Printed in Turkey” nəşriyyatinda çap olunmuşdur.
Professor Akif Bayramov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaxşı tanınır. O, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, respublikanın əməkdar müəllimidir. Bacarıqlı, təcrübəli pedaqoq kimi elm işlərin mükəmməl təşkilatçısıdır. 25 ildən çoxdur ki, bu sahədə səmərəli fəaliyyət göstərir. Kafedra müdiri professor Akif Bayramov Azərbaycan Respublikasında keçirilən III-IV-cü Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı olmuş, eləcə də Gəncə şəhərində M.Ş.Vazehin 220 illiyinə həsr olunmuş, Beynəlxalq konfransda məruzəsilə çıxış etmişdir. Xeyli elmlər doktoru, elmlər namizədi yetişdirən alim bir neçə ali məktəbdə Müdafiə Şurasının üzvü kimi də olduqca səmərəli fəaliyyət göstərir. Onun xarici və yerli mətbuatlarda 500 –dən artıq elmi məqalələri, monoqrafiya və tədris proqramları çap olunmuşdur.
Akif müəllim, necə deyərlər, qanıyla, canıyla öz xalqına bağlı olan, genetik yaddaşa, zövqə və təəssübkeşliyə malik qələm sahibi bir vətəndaşdır. O, Borçalıdan, Qarapapqlar nəslindən götürüb gəldiyi azərbaycanlı xarakterinin, indi dəbdə olan sözlə desək, türk mentalitetinin koloritini duyan, hiss edən az adamlardan biridir.
...Yadıma gəlir, 70-cı illərin əvvəllərində Akifin Mirzə Şəfi və Bodenştet ilə bağlı elə ilk məqalələri necə səs saldı, öz məxsusiliyi ilə necə seçildi. O zamanlar mən dəfələrlə bunun şahidi olmuşam ki, elmi-fililoji mühitdə onun yazıları, ilk mənbəyə söykənən tezis və arqumentləri maraqla qarşılanırdı, necə bir səs-küyə, mübahisələrə səbəb olurdu, qısqanclıqlar ortaya gəlirdi... Lakin Akifi tutduğu düz yoldan döndərməkmi olardı?! Elmə və tədqiqatına məhəbbət və həvəs onu yeni-yeni ruh yüksəkliyi ilə coşqun axtarışlara sövq edirdi... Almaniyanın muzey və arxivlərində, qədim kitabxanalarında Mirzə Şəfi ilə bağlı nə varıdısa ələk-vələk elədi,hətta Avropalıları da heyran edən doğru-dürüst ədəbi-tarixi faktları üzə çıxarıb tamamilə yeni yöndən mənalandırmağı bacardı...
Akifin məqalələri, kitabları, monaqrafik əsərləri, tədqiqatları, qədim Alman – Qot dilindən tərcümələri Azərbaycan filologiyasında, ədəbi əlaqələrinin inkişafında, Mirzəşəfişünaslıqda yeni-yeni ədəbi-estetik çalarlar əldə etməsində rol oynadığı kimi, dediyim o ruh yüksəkliyi, o coşqunluq da bizim, xüsusən o dövrdəki gənc alimlərin filoloji mühitində təzələnən elmi zövqün formalaşmasında rol oynadı... Çünki Akif Bayramov Qərbi və Şərqi Almaniyanın arasındakı hələ o vaxtlar sökülməmiş beton divarları yarıb keçə bilmişdi, qələmini düsərə çevirib əsrlərin arxasında gizlincdə qalmlş Mirzə Şəfi qitəsini – materikini kəşf etmişdi... Bu mənada, Akif Bayramovun elmi yaradıcılığı XIX əsr ədəbiyyatımızın tarixi-milli özünüdərki faktıdır, Avropanı “işğal” edən filoloji-milli təfəkkür sivilizasiyasının epizodu deyil, hadisəsidir.
Akif Bayramov Mirzə Şəfi və Bodenştet problematikasına, bu əzəmətli, lakin layiqincə, həqiqətinəcən açılmayan prosesə yeni düşüncənin ifadəçisi olaraq qatıldı, tarixi yaddaşın təhrifsiz təlqin olunması, xalqın gen yaddaşına ötürülmüş yanlış məlumatların milli mövqedən, yenidən, olduğu kimi bərpa edilməsi istiqamətinin episentrində dayandı. Hər gəlişin bir missiyası olur. Mənə elə gəlir ki, XIX əsrdə itmiş, güdaza verilmiş tarixi yaddaşın bərpası üçün böyük bir missiyaya tapınan Akif Bayramov bunu bütün tədqiqatının amalına çevirməyə nail olmaqla yanaşı, Mirzə Şəfi kimi böyük və nəhəng bir “Gəncəli müdrik”ini olduğu kimi Azərbaycana – Gəncəsinə qaytara bildi. O tədqiqatlarla ədəbiyyata gələn Akif elə o əsərləri ilə də layiq olduğu şöhrəti qazandı və illər keçdikcə o gənc, amma Avropa tipli dissertant – görkəmli ədəbiyyatşünas oldu, maraqlı publisist, dramaturq, nasir, şair oldu, tərcümələr etdi...
Onu da, gənc oxucularımıza xatırladaq ki, “Mirzə Şəfi nəğmələri” adı ilə Almaniyada ilk çap böyük müvəffəqiyyətlə qarşılanmışdır. İlk dəfə 1851-ci ildə nəşr edilən həmin şeirlərin 1893-cü il 145-ci, 1924-cü ildə isə 170- ci nəşri çapdan çıxmışdı. İndiyə qədər həmin kitab 300 dəfədən artıq təkrar nəşr edilmişdir. “Mirzə Şəfi nəğmələri” fransız, ingilis, italyan, isveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi və s. dillərdə dəfələrlə çap olunub geniş yayılmışdır. Məşhur Azərbaycan şairi Mirzə Şəfi haqqında hətta "Die lideq des Miqza Sshaffu" adlı operetta yazılmışdır ki, onun da premyerası 1887-ci ildə olmuşdur.
Bu cür geniş miqyaslı materialı öyrənən Akif Bayramovun bir cəhətini, xüsusi olraq qeyd edək ki, Akif dönə-dönə Mirzə Şəfinin mənşə, dil, ərazi nöqteyi-nəzərindən Azərbaycan xalqına aid olduğuna diqqət çəkir, Mirzə Şəfini yetirən məkan və zamana qayıdaraq onun qədim kökə, ədəbi ənənəyə malik olmasını, mənəvi-əxlaqi dəyərləri ilə seçilməsi məsələlərini diqqətə çatdırırdı.
Yəni Bodenştet bu əsərləri nə qədər özününkü desə də, mətn özü “əzan” çəkir ki, mən Şərq mütəfəkkirinə məxsusam, Azərbaycanlı müdrikinin könül dünyasından doğmuşam və Avropalının belə düşüncə və duyğu tərzi ola bilməz... Əslində, Akif Bayramov bu tədqiqatları ilə XIX əsrin Tiflis dolaylarından baş alıb Berlinə, Almaniyaya, oradan da bütün Avropaya ayaq açan, amma öz yaddaşımızdan itgin düşən yaddaşımızı – dahi Şeyx Nizami Gəncəvinin xələfi olan Avropalaşmış Mirzə Şəfini olduğu kimi yaddaşımıza həkk elədi, itirilmiş yaddaşı bərpa elədi...
Onun əvvəl də, adlarını çəkdiyim "Mirzə Şəfi Vazehin ədəbi irsi sovet və alman məxəzlərində", "Klassik Azərbaycan ədəbiyyatı alman dilində",“Klassik irsimizdən”, “Nizami Gəncəvinin Almaniyada böyük şöhrəti” (rus dilində), “Qərb ədəbiyyatı Azərbaycan filoloji fikrində”, “Nəğmələr şairi M.Ş.Vazehin ədəbi irsi” kimi əsərləri də tarixə, milli yaddaşa və keçmişimizə çəkilən çox dəyərli elmi-ədəbi illüstrasiyalardır. Çox mühüm həqiqətdir ki, alim üçün, qələm sahibi üçün üçün milli tarixi qata aludəlik, bağlılıq və bələdlik çox şeydi...
80 yaş yaşın zirvəsi olmasa da, ömrün ucalığıdır. Ömrün ucalığına elmin ucalığını daşımaq isə hər insana müəssər olmur... Bu münasibətlə 80 yaşda cavan olan Akif Bayramovu ürəkdən, səmimi qəlbdən təbrik edir, ona yeni-yeni uğurlar diləyirəm!.. Və yəqin bilməmiş deyil – ömrün zirvəsi 100 yaşdır!!

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas

P.S. Çox təəssüflər olsun ki, bu işıqlı insan bir neçə gün öncə dünyasını dəyişdi. Bütün şüurlu həyatını Azərbaycan elminin inkişafına həsr edən, yüzlərlə vətənsevər tələbələr yetişdirən, doğulu boya-başa çatdı Borçalının qeyrətini çəkən if müəllim indi aramızda yoxdur. Məkanın cənnət olsun Ustad.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed