Şrift:
Yatmağı da bacarmaq lazımdır
25.10.2011 [15:10] - Sağlıq
Nə qədər ikibaşlı və çoxmənalı görünsə də, başlığa çıxardığımız bu cümlə sözün hərfi və ilkin mənasında işlədilib. Söhbət yuxulamaqdan gedir. Yuxu bütün canlılara dincəlmək, itirilmiş enerjini bərpa etmək üçün bəxş olunmuş ən gözəl nemətdir. Bu nemətdən normal istifadə etdikdə, bu prosesi düzgün yerinə yetirdikdə onun faydasını da daha çox hiss edirik.

Amma insanların əksəriyyəti yuxu zamanı tamam rahatlana bilmirlər, halbuki məhz tam rahatlanma əsl istirahət sayılır. Əgər balaca uşağı və ya pişiyi qumun üstünə qoyub, onların sakitləşməyinə və ya yuxulamasına imkan verib, sonra ehtiyatla yerindən qaldırsaq, görərik ki, qumun üstündə onların bütün bədəninin şəkli qalıb. Amma bu təcrübəni böyük adamla aparsaq, o zaman qumun üstündə yalnız dirsəklərin və sağrıların qabarıq çökəkliyini görəcəyik, bədənin qalan hissələri isə əzələlərin adi gərginliyi sayəsində quma az toxunub və izi qalmayıb.
Yatarkən tam istirahət etməkdən ötrü hər cür əzələ gərginliyindən azad olmaq lazımdır. Bu zaman bir saatlıq yuxu müddətində bir gecənin narahat yuxusundan daha yaxşı dincəlmək olar. Yatmazdan əvvəl belə bir üsuldan istifadə etməyə cəhd göstərin: böyrü üstə uzanın, qolunuzu 15-20 sm qaldırın və 2 dəqiqə bu vəziyyətdə saxlayın. Sonra ayağınızı qaldırın və onu da asılı vəziyyətdə 2 dəqiqə saxlayın. Bir az dincələndən sonra bu hərəkətləri istədiyiniz ardıcıllıqla həm sol, həm də sağ ətraflarınızla yerinə yetirin.
Əgər siz arxası üstə yuxulamağa alışmısınızsa, hər iki qolunuzu bir az qaldırın və bu vəziyyətdə 2 dəqiqə saxlayın. Uzanın və bir ayağınızı uzadaraq yataqdan 15-20 sm hündürə qaldırın və bu vəziyyətdə təxminən 2 dəqiqə saxlayın. Sonra eyni hərəkəti o biri ayağınızla təkrar edin. İndi də əzələlərinizi boşaldıb azacıq dincələndən sonra bayaqkı hərəkətləri 2 dəfə təkrarlayın.
Üzü üstə yatmağı xoşlayanlar ( ümumiyyətə, üzü üstə yatmaq saglamlıq üçün ziyandır) üçün: dizlərinizlə yatağa toxunaraq növbə ilə pəncələrinizi 15-20 sm qaldırın. Dincəlin və bu hərəkəti yenidən təkrarlayın.
Daha bir heyrətamiz dərəcədə sadə yuxugətirici vasitə: uzanın, gözlərinizi yumun, sanki öz alnınızın daxili səthini görmək istəyirmişsiniz kimi, yuxarı «baxın». Çox güman ki, bir neçə saniyədən sonra yuxuya gedəcəksiniz,

Yuxu zonası
Təəssüf ki, ayrıca yataq otağı hər kəsə qismət olmur. Əgər siz eyni vaxtda həm qonaq otağı, həm də iş otağı funksiyasını yerinə yetirən otaqda yatırsınızsa, o zaman öz yatağınızını heç olmasa, xəyalən (öz-özünüzə təlqin edin ki, bura mənim yataq otağımdır) ayırın. Tavana karniz bərkidib çarpayının böyüründən pərdə çəkmək də olar. Əgər fantaziyanızı bir qədər işlədib zövq nümayiş etdirsəniz, otaq təkcə rahat yox, həm də yaraşıqlı olar.
Bəs yuxu zonasında rahatlıq yaratmaqdan ötrü nələrə diqqət yetirmək lazımdır? Fen-şuy fəlsəfəsinin diktə etidyi qaydalarla tanış olaq.

Ayaqlarınız qapıya tərəf yatmayın.
- Çarpayını pəncərə ilə üzbəüz qoymayın: yoxsa yuxusuzluqdan, yüksək hərarət ilə müşayiət olunan xəstəlik və ağrılardan əziyyət çəkərsiniz (əgər pəncərə qarşısında yatmağa məcbursunuzsa, pəncərədən qalın pərdə asın).
- Çarpayını pəncərəyə bitişdirməyin: həyatınızdakı sabitlikdən məhrum olarsınız.
- Yataq otağında qurudulmuş çiçək, həmçinin təzə gül də saxlamayın, çünki onlar kişi enerjisini çox gücləndirir, bu isə yersiz mübahisəyə səbəb olar. İstisna olaraq, ağır xəstəlikdən sonra özünə gələn adamın yatağının böyründə güldanda çiçək qoymaq olar: çünki onun enerjiyə ehtiyacı çoxdur.
- Yataq otağında vəhşi heyvanların təsvir edildiyi mənzərə, xalça, yaxud foto-slayd asmaq lazım deyil.
Bu xəbər oxucular tərəfindən 1597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed