Şrift:
Tehranın yasaqlarına baxmayaraq, Güney Azərbaycanda Türk adlarının sayı artır
09.01.2020 [20:27] - Güney Azərbaycan xəbərləri
Bu barədə Güney Azərbaycanın Şərq Əyaləti Qeydiyyat İdarəsinin rəisi Əhəd Codi yanvarın 9-da “İrna” xəbər agentliyinə danışıb. “Valdeynlər övladlarına türk adı verə bilər. Bu barədə heç bir məhdudiyyət yoxdur. Qeydiyyat İdarəsi bu istiqamətdə ailələrlə lazımi səviyyədə əməkdaşlıq edir.”- deyə o bildirib.
Əhəd Codi bununla yanaşı Qeydiyyat İdarəsinin türk adlarını qeydə almaqda maneçilik yaratdığını da etiraf edib. O bildirib ki, bəzi adların qeydə alınmasında müəyyən çətinliklər ola bilər. Bu barədə yekun qərar vermək üçün mərkəzə müraciət olunur. Lakin xüsusi problem yoxdur. Valdeynlər təyin edilmiş prosedura riayət edərək övladlarına şəxsiyyət vəsiqəsi ala bilər. Qeydiyyat İdarəsi rəisinin sözlərinə görə, Güney Azərbaycanın Şərq Əyalətində son 9 ayda qız uşaqlarına ən çox Zəhra, Fatimə, Yəsna, Nazənin Zəhra, Helma, Zeynəb, Rəha, Əsra, Aylın, Nəfəs, Selin, Helya, Aysu, Elay, Aysel, Rüqəyyə, Sevin, Aynaz və Reyhanə adları verilib. Oğlan adlarının arasında isə ən çox Əmirəli, Əbülfəzl, Əli və Ayhan adlarına rast gəlinir.
Əhəd Codinin sözlərinə görə, bu müddətdə qeydə alınan adlar arasında Araz adı da çox olub.
İranda Qeydiyyat İdarələri uşaqlara türk adlarının verilməsinə müxtəlif bəhanələrlə maneçilik yaradır. Lakin dirəniş göstərən ailələr sonda övladlarına vəsiqə ala bilir. Belə hallara Güney Azərbaycanın bütün şəhərlərində rast gəlinir. Bu gün “Əncümən Azərbaycan” Teleqram Kanalının izləyicilərindən biri Qeydiyyat İdarəsinin rəisinin açıqlamasına münasibət bildirib. “Deyirsiniz ki, Qeydiyyat İdarəsi türk adlarını qeydə almaqda ailələrə yardım göstərir. Çox gülüncdür! İnsanda sizin peşə vəzifənizə şübhə yaranır. Mən Güney Azərbaycanın Qərb Əyalətinin Qoşaçay şəhərindədəm. İki il əvvəl minbir müsibətlə qızıma “Sevilay” adı ilə şəxsiyyət vəsiqəsi ala bildim.”- deyə soydaşımız qeyd edib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed