Şrift:
Orta Doğuda insanlıq dramı
09.01.2020 [20:52] - Köşə yazarları
Bəşər tarixinin son 300 ilində dünyanın bölüşdürülməsi, aşırı sömürgəçilik siyasəti bütün dünyanı öz ağuşuna alıbdır. XIX yüzilin başlanğıcında Avropanın Balkanlar, indiki Ukrayna, Quzey Qafqaz, Güney Qafqaz, Türküstan (Orta Asiya), Ural-İdel-Ural və Sibirin Avropa dövlətləri tərəfindən fiziki, iqtisadi, ideoloji və sosial anlamda işğalı kimi tarixə düşdü. Buna Avropa dövlətləri tərəfindən sömürgəçiliyin yeni başlanğıcı kimi bir ad da qoyuldu. XX yüzilin başğlanğıcında I Dünya Savaşı adı ilə yenidən tək XIX yüzildəki kimi deyil, daha geniş coğrafi bölgələrin işğalı əlavə olundu. Afrika, Asiya, Güney Amerika, Avstraliya faktiki olaraq, dünyanın bölüşdürülməsi hədəfləri əlavə olundu. II Dünya Savaşı Avropa dövlətlərinin hegemonluğu adına önə çıxdı. İndi yaşadığımız XXI yüzillikdə də dünyanın bölüşdürülməsi üçün hegemonluğun yeni mərhələsi gözümüz önündədir.
BOP siyasəti bəşəri faciələrin təməlidir
Bütün Orta Doğunu min ildən çox idarə edən Məmlüklər, Səcuqlu, Osmanlı, Səfəvi, Avşar və Qacar türk dövlətlərinin zamanla çökdürülməsi siyasətini önə çəkən Avropa bölgə toplumlarını,əşirətlərini, təriqət və məzhəblərə dayanıqlı olan çevrələri fərqli bir yöndə ələ alaraq, onları türk düşmənçiliyi müstəvisinə doğru yönəltdi. Beləcə Orta Doğuda təməli 1890-cı illərdə ABŞ prezidenti Vudri Vilson tərəfindən qoyulan BOP (Böyük Orta Doğu Projesi) zamanla həyata keçirilməkdə və dərinləşməkdədir. BOP əslində Orta Doğunun “QAN ÇANAĞI”na çevrilməsi, idarə olunan kukla dövlətlər adı ilə modelləşdirmə deməkdir. BOP-un arxa baxçası isə, sömürgəçi siyasətin yepyeni çalarlarının duruma görə tətbiqindən ibarətdir. Orta Doğunun doğal zənginliklərinin talançılığına xidmət edir. Min dəfələrlə təəssüflər olsun ki, BƏƏS (Ərəb Milliyyətçi Sosialist Düşüncəsi), eləcə də din pərdəsi altında aşırı təriqət və məzhəblərin önə çıxarılması, bundan əlavə, paniranizm-panfarisizm, paniduizm, panurdizm və başqa fərqli baxışların radikallaşdırılması həmin “QAN ÇANAĞI”nın təməl prinsiplərinə bağlı dəyərlər olaraq görülür. Bütün bunlar isə yerli diktatura rejimlərinin vasitəsilə həyata keçirilir. Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Suriya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Oman, Liviya, Livan, Somali, Əfqanıstan, İran və Orta Doğu dövlətlərində tarixi ədalətsizlik siyasəti hökm sürməkdədir. Faktiki olaraq diktatura adı altında bu dövlətlər Qərbin sömürgəçi siyasətlərinin texnologiyaları ilə idarə olunur. “Ərəb Dövlətləri Liqası”, “İslam Əməkdaşlıq Təşkilatı” və digər onlarca sayda müsəlman dövlətləri ideyası ortaya atılsa da, bu coğrafiyada yerləşən dövlətlərin heç bir zaman strateji müttəfiqliyi olmayıb. Çünki, oxlokratik, traybalizm və s. cərəyanlar adı ilə idarə olunan dövlət siyasəti bölgədə uzlaşma, sabitlik və barış məsələlərinə çox ciddi şəkildə mane olur.
Dünyanı sarsıdan iradənin sonsuzluğu
1978-ci il 23 Bəhmən İnqilabına qədər Orta Doğuda radikal dini baxışlar adı altında əsas mücadilə sünnü təriqətinə bağlı çoxsaylı məzhəblər öndə idilər. Məhəmmədrza Pəhləvi adlı diktatorun rejimi devriləndən sonra, hakimiyyətə gələn mollakratlar Tehran mərkəzli “radikal şiə terrorizmi” ideyasını dünyaya duydurmağa başladılar. “Vilayəti Fəqih” elan etməklə islam inqilabının ixracı üçün ilk addım olaraq 1980-1990-cı illərdə yaşanılan “İran-İraq savaşı” Tehran molla rejiminin ideoloji təməl prinsipinə çevrildi. Ötən 40 ildə İran adlı ölkəni idarə edən molla rejimi “22 dövlətdə inqilab” doktrinasını irəli sürdü. Çünki, Orta Doğu dövlətlərində ərəblər arasında çox dərin qatlara qədər uzanıb gedən savaşlar sonucunda neft-qaz gəlirlərindən ən çox qazanan tərəf Tehran molla rejimi olmuşdu. “22 dövlətdə inqilab” dedikdə isə, buraya “şiə təlimi” ilə idarə olunan bölgə hədəfləri bu doktrinanın ana prinsipi idi. Suriya, İraq, Yəmən, Livan, Oman, Bəhreyn, Küveyt və digər dövlətlərdə Tehran rejimi artıq bir sıra təsisatlarını da qurdu. Keçmiş Sovetlər Birliyi dağılan kimi Tehran mollaları bu dəfə gözlərini Azərbaycan Respublikasına, Gürcüstana və Tacikstana dikdilər.
Hər il dövlət büdcəsindən onmilyonlarla dollar vəsait xərcləyərək gələcək hədəfləri üçün kadrların yetişdirilməsi və “İslami İnqilab” təməl prinsiplərinə bağlı sosial bazanı yaratmaq üçün qollarını çırmalamışdı. Əfqanıstan, Pakistan və Hindistanda da fərqli çevrələrini formalaşdırmaqla bölgədə “söz sahibi”nə çevrilmək hədəflərini gizlətmədi.
Əgər 2015-ci ilə qədər Orta Doğuda hökm sürən “radikal sünnü terrorizmi” hökm sürürdüsə, son 5 ildə isə, estafet “radikal şiə terrorizmi” ideyasının əlinə keçib. Bunun üçün Tehran molla rejimi orta hesabla ildə 15-20 milyard dollar vəsait xərcləyir. Belə bir addımı atmaqla əslində Orta Doğuda eramızın III-IV yüzilliklərində mövcud olmuş “Sasani” dövlətinin hədəflərinə uyğun xəyali “Bozorge İran” (böyük İran) doktrinasını önə çıxarmaq istənilirdi. Ona görə də qafaları yuyulmuş çevrələri məhz bu baxımdan Orta Doğuda terrorizm bataqlığına yuvarlatmağı hədəf olaraq görür.
Radikal terrorçu birləşmələr və ayətullahların oyunları
“Ceyşl Ədl”, “Hezbollah”, “Hüseyniyyə”, “İsmaili”, “Nəsr”, “İslam İnqilabinın Keşikçiləri Korpusu”, “Tövhid”, “Əfqanıstan İslami Hərəkatı”, “RƏƏD”, “Əd Daava əl İslamiyyə”,
“Bakiri”, “Əftəhit”, “Şümayri”, “Vəkifi”, “Müsaviti”, “İsnaşərit”, “Şukkari”, “Zeydi”, “Katiti”, “Husi”, “Camaat əs Sədr əl Tani”, “Ceyş Mehdi”, “Amal”, “Əl Huti”, “Hezbe Vəhdət”, “Təhrike Cəfəriyyə”, “Əl Vəkf”, “Əl Haraka əl İslahiyyə əl İslamiyyə”, “Əl Fədilyə”, “Bədr”, “Əl Vifak”, “Əd Daya”, “Əhli Beyt” və digər onlarcsa sayda radikal şiə təşkilatlarını quraraq Tehran rejimi “22 dövlət doktrinası” üzərində hökmünü önə çəkmək iddiasını heç bir zaman gizlətməyibdir. Üzdə “sünnü radikal terroizmi”nə qarşı mücadilə aparan kimi göstərsə də, başlıca hədəfi qonşu dövlətlərdə vətəndaş savaşı yartmaqla həmin ölkələri tamamilə iflasa uğratmaq olubdur. Beləliklə də “22 dövlət doktrinası”na daxil olan ölkələri Tehran rejimindən asılı duruma salmaq əsas strateji nöqtə sayılıbdır.
Azərbaycan dövlət bağımsızlığını elan edən kimi, Tehran rejimi Dağlıq Qarabağda məhz bu faktora görə, Ermənistanın yanında yer alırdı. Qoca tarixin izlərini kimsənin silə bilməyəcəyi faktı əsasında onu deyə bilərik ki, son bir neçə ildə Tehran molla rejiminin ən sınanılmış hərbi qüvvələrinin ermənilərdən daha çox Azərbaycana qarşı savaşdığı faktları üzə şıxmaqdadır. Belə bir hədəf İraq, Suriya, Yəmən və Fələstində də öz təsdiqini tapmaqdadır. Yəni Tehran rejimini idarə edən ayətullahların hesabına görə, onlar savaş meydanlarında nə qədər daha çox zəngin ola biləcəkləri taktikası ilə hərəkət ediblər. Çünki, hər bir ayətullah ayrıca oliqarx deməkdir və onların hər birinin idarə etdiyi konkret məkan vardır.
“Qan çanağı”na dönmüş Orta Doğu
İnkişaf etmiş dövlətləri transkontinental şirkətlər və onların başında duran oliqarxlar idarə edirlər. Onlar mənsub olduqları dövlətlərə nə qədər xeyir verirlərsə, bir o qədər də qazanc əldə edirlər. Dünya nizami son 300 ildə bu prinsiplər üzərində qurulubdur.
Qərb oliqarxiyasından fərqli olaraq, Şərqin despor oliqarxları da qaniçən siyasətlərin içində yer alırlar. Beləcə, Qərbin və Şərqin oliqarxiyası daha böyük gəlir mənbərləri əldə etmək üçün, Orta Doğunu qan çanağına bürüyüblər. Dil, düşüncə, kültür, sosial və başqa anlamlarda gəlişməyən Orta Doğu toplumları da asanlıqla bu oliqarxiyanın qurbanlarına çevriliblər. Problemlərin mahiyyəti budur.
Yaşadığımız 2020-ci il İran-ABŞ müstəvisində baş verən qarşıdurmaların, faciələrin və digər bəşəri fəlakətlərin kökündə duran məntiq Orta Doğu bölgələrinin inkişafdan geri qalmasına xidmət edir. Adını “islam” dövləti qoymuş Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, İran, İordaniya və digər zəngin dövlətlər Suriya, İraq, Yəmən kimi ölkələrdə yaşanılan dərin problemlərə görə bircə dəfə də olsun humanizm aksiyası keçirmədilər. Almaniyanın kansleri Angela Merkelin çox haqlı olaraq dediyi kimi: “Biz xristian dövləti olaraq, bir milyondan çox müsəlman suriyalı müsəlman qaçqınlara sığınacaq verdik. Ancaq, qonşu müsəlman dövləti və şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanı” onlara yaxın durmadı. Tehran rejimi Suriyaya 15 milyard dollar kredit ayırsa da, həmin vəsaitlər sadəcə diktator Bəşər Əsəd rejiminin qorunnmasına və silahların alınmasına xərcləndi. Son bir həftə içində İran-ABŞ böhranının gerçək üzü isə, bu ilin oktyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə və sonradan 4 illik dönəmdə kimin qalib olmasına bağlı proseslərin oliqarxlar tərəfindən idarəetmə düzəni adına daha çox zənginləşmək hədəfləri ilə uzlaşan bir strateji baxış deməkdir.
Hələ ki, Donald Tramp və onun komandası xeyli öndədir.
İran-ABŞ savaşı isə, neytral bölgədə, yəni İraqda və Suriyada müşahidə olunur. Bu savaşdan heç kim qalib çıxmayacaq. Sadəcə Orta Doğu qan çanağına bürünücək. Çoxsaylı toplumlar azından 300-500 il geridə qalmış bir düzənlə yaşamaq zorunda qalacaqlar. Necə ki, molla rejimi İran adlı ölkəni 40 ildir beləcə idarə edir. Əgər bu savaş İranın daxilində baş verərsə, Orta Doğuda yüzilliyin ən böyük humanitar fəlakəti baş verəcəkdir. Çünki, 80 milyonluq bir toplumun humanitar problemlərlə üz-üzə qalması Orta Doğunun tamamilə çökməsi deməkdir.

Ənvər Börüsoy
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed