Şrift:
Külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri tutulublar
15.01.2020 [05:47] - Hadisə
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları birgə uğurlu əməliyyat tədbirləri həyata keçirərək dekabrın 26-da Badamdar qəsəbəsində K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvlərini saxlayıblar.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Mahir Abbasov, əmisi oğlanları Tural Abbasov, Bəhruz Abbasov, Masallı rayon sakinləri Elmir Əsgərov və Cəfər Əlibəyli tutulublar.
Mənzildən oğurluq etmək təklifini zərərçəkənin sürücüsü olan Tural Abbasov verib. O, dekabrın 26-da ev sahiblərinin mənzildə olmayacağını bildiyi üçün Bəhruz Abbasov və Elmir Əsgərov ilə birlikdə həmin ünvana yollanıb. Evin yaxınlığında B.Abbasov pusquda dayanıb, T.Abbasov və E.Əsgərov isə mənzilə daxil olublar. Dəstə üzvləri özləri ilə seyfi kəsmək üçün dəmirkəsən aparat aparıblar. Hadisədən bir neçə gün əvvəl T.Abbasov evin giriş qapısının ehtiyat açarlarını götürərək onların eynisini düzəltdirib. Dəstə üzvləri mənzilə məhz həmin açarlar vasitəsilə daxil olublar. Daha sonra dəstənin üzvləri hadisə yerindən Mahir Abbasovun nəqliyyat vasitəsilə uzaqlaşıblar və əldə etdikləri qızıl-zinət əşyalarını Masallı rayonunda zərgərliklə məşğul olan Cəfər Əlibəyliyə satıblar. Həmin şəxs qızılların oğurluq olduğunu bilə-bilə onlardan alıb. Bu əməllərinə görə M.Abbasov və C.Əlibəyli də istintaqa cəlb olunublar. Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed