Şrift:
Multikulturalizm Mərkəzi “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı kitab çap edib
16.01.2020 [22:59] - Mədəniyyət
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı yeni nəşri işıq üzü görüb. BBMM-in mətbuat xidmətindən bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşrdə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən tədqiq edən məqalələr toplanıb. Rusiya, Polşa, Türkiyə, Norveç, İtaliya, Yaponiya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına da aydınlıq gətirilib. Mazzola Françeskonun “Antik xristian Qafqaz memarlığı”, Olbrayt Marek Janın “Parfiya dövründə Albaniya”, Vegge Byornun “Qüdsdən Kişə aparan yol”, Hiros Yokonun “Dağlıq Qarabağla bağlı kompleks perspektivlər: azərbaycanlılar və ermənilərin baxışlarının müqayisəsi” və digər bu kimi məqalələr əsaslı tədqiqatın və dərin təhlilin nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq səviyyədə təqdim etmək imkanı yaradır.
Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsidir. “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi önəmli layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərini araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir. Məqalələr toplusunun BBMM tərəfindən “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi dünyanın nüfuzlu ali təhsil ocaqlarında və mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən filiallarında təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed