Şrift:
Milli Qəhrəmana həsr olunmuş “Mübariz” adlı operanın premyerası keçiriləcək
16.01.2020 [23:09] - Mədəniyyət
Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə yanvar ayının 17-də, saat 19:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı operanın premyerası keçiriləcək.
Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İnarə Babayevadır. Tural Ağasiyev, Taleh Yahyayev, Şaban Cəfərov Elçin Əhədzadə, Aydan Həsənova çıxış edəcəklər.
Quruluşçu baletmeyster əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam Fərid Nəcəfovdur. Tamaşada Fikrət Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edəcəklər. Yeni layihənin ideya müəllifi, Mədəniyyət kanalının direktoru Ramil Qasımov bildirib: “Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir. Azərbaycan Televiziyası Mədəniyyət kanalı da şəhidlərin əziz xatirəsini anmaq üçün “Mübariz” musiqili tamaşasını hazırlayıb. Əminik ki, bu əsər klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında da mühüm rol oynayacaq. “Mübariz” tamaşası eyni zamanda şəhidlərimizin əziz xatirəsinə əbədi ehtiramın təcəssümüdür. Fürsətdən istifadə edərək,tamaşanın bütün iştirakçılarına təşəkkürümü bildirir, uğurlar arzulayıram”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed