Şrift:
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək
17.01.2020 [01:17] - İqtisadiyyat
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti ölkənin Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində “Azerbaijan Digital Hub” proqramının icrasına davam edir. "AzerTelecom"dan Trend-ə verilən məlumata görə, proqramın ilk fazasında şirkət ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu üzrə layihələr reallaşdırır. Hazırda Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar üzrə fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə 19 mart 2019-cu il tarixdə Azərbaycanla Qazaxıstan, 28 noyabr tarixində isə Azərbaycanla Türkmənistan arasında dövlətlərarası sazişlər imzalanıb. Sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan marşrutu üzrə 400 km uzunluqda xəttin (TransCaspian Fiber Optic – TCFO) çəkilişini Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstanın isə KazTransCom və Transtelecom şirkətləri icra edəcək. Layihənin 2021-2022-ci illərdə tamamlanması planlaşdırılır. Ötən ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində Azərbaycan-Qazaxıstan marşrutu üzrə layihənin təməlqoyma mərasimi keçirilib və tədbirdə hər iki ölkənin baş naziri, dövlət rəsmilərivə layihəni icra edən şirkətlərin rəhbərləri iştirak ediblər. Azərbaycan-Türkmənistan marşrutunun uzunluğu isə 300 km olacaq və layihəni AzerTelecom və Türkməntelekom operatorları icra edəcək. AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, Qazaxıstan istiqaməti üzrə xəttin məlumat ötürmə gücü ən azı 4-6 terabit/s, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/s olacaq.
Xəzərin dibi ilə magistral xətlərin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi ipək yolunun üzərində rəqəmsal ipək yolu formalaşacaq. Qazaxıstan istiqaməti üzrə Qazaxıstanın və Çinin, Türkmənistan istiqaməti isə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək. AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed