Şrift:
Pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün təkliflər hökumətə təqdim edilib
19.01.2020 [12:13] - Sosial
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin sınağının aparılması və dövlət qeydiyyatına alınması ilə bağlı 526 preparatın qeydiyyatı ilə bağlı şəhadətnamə verilib. Pestisid və aqrokimyəvi maddələrin idxalı və saxlanması üçün lisenziyanın alınması üçün anbarlara baxış keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən 89 müraciət edilib, onlardan 42 anbara müsbət rəy, 47 anbara isə tələblərə uyğun gəlmədiyi üçün mənfi rəy verilib. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu faktları ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında açıqlayıb.
Sədr deyib: “Ölkə ərazisinə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər bitki mühafizəsi vasitələrinin idxalı üçün agentliyə 1801 müraciət daxil olub, onların 6-dan (ölkədə qeydiyyatda olmayan preparatların idxalı üzrə) imtina verilib. Bir çox ölkədə bitki mühafizəsi sahəsində istifadə edilən preparatların istifadəsinə dair məlumatlar araşdırılıb. Azərbaycanda istifadəsinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrin və yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı yenidən hazırlanıb. Respublika ərazisində istifadəyə yararsız, istifadəsi qadağan olunmuş pestisid qalıqlarının yerləri və onlara dair məlumatlar araşdırılıb, riskləri qiymətləndirilib. Pestisidlərlə çirklənmiş ərazilərin sərhədlərinin və kütləsinin daha dəqiq müəyyənləşdirilməsi, həmin ərazilərdəki pestisidlərin zərərsizləşdirilməsi və torpaqların təmizlənməsi məqsədilə təkliflər hazırlanaraq hökumətə təqdim edilib”.
Mətbuat konfransında onun verdiyi məlumata görə, Samux rayonunun 5 min hektar ərazisində aparılan fitosanitar müşahidələr nəticəsində 3 min 60 hektar ərazidə müxtəlif növ çəyirtkələrin kütləvi yayılması aşkarlanıb. Çəyirtkələrlə mübarizə məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə apardığı mübarizə tədbirləri nəticəsində çəyirtkələrin yayılma arealı və sıxlığı əhəmiyyətli dərəcədə azalıb, əkin sahələrinə dəyəcək zərərin qarşısı alınıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed