Şrift:
Fərəc Quliyev:Dağlıq Qarabağla bağlı komitə yaradılmalı, pensiya artırılmalı və s.
19.01.2020 [13:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
12-ci hissə

56.Təkrar təklif -Dağlıq Qarabağla bağlı komitə yaradılmalı: (18.12.2016)

Mən məsələ qaldırmışdım ki, Dağlıq Qarabağla bağlı bir komitənin yaranması zərurəti var. Burada 15-dən çox komitə köməkçi komitələr yarada bilirlər. Amma o sahədə komitələr olmadığı üçün mən də soruşuram ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi birlikdə bir köməkçi komitə olaraq Qarabağ komitəsi yarada bilərlərmi, yoxsa yox? Olsa, çox əhəmiyyətli olardı və biz bu məsələni daha çox qaldırmaq, ictimailəşdirmək üçün beynəlxalq strukturlarla münasibətdə bundan istifadə edərdik, bu yaxşı olardı.

57.Nazirliklərin və icra strukturları rəhbərlərinin məsuliyyətlərini artırmalı: (18.12.2016)

Mən hesab edirəm ki, misal üçün, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bəzi icra strukturlarının rəhbərləri təyin olunanda komitələrdə onlara rəy verilərdi. Məncə, hər bir komitədə müvafiq nazirliklərlə bağlı təyinatlarda ya rəy verilsəydi, ya da ən azından hansısa formada təsbit olunsaydı ki, icra strukturlarının rəhbərləri müəyyən müddət ərzində komitələrdə hesabat versinlər, bu həm parlamentin sanbalına təsir eləyər, həm də bəzi nazirliklərin və icra strukturlarının fəaliyyətləri ilə bağlı məsuliyyətlərini bir az artırmış olardı.

58.Xocalı soyqırımı öz adı ilə - Rusiyanın iştirakı ilə törədilib: (24.02.2017)

Layihənin qərar hissəsində Xocalı soyqırımında iştirak edən 366-cı hərbi hissə sovet ordusu kimi göstərilir. Biz heç kimin ərazisinə daxil olub dinc sakinlərini qırmamışıq, günahkar deyilik, hüquq pozuntusu etməmişik və heç bir xalqla da düşmənçiliyə əsas verməmişik. Ona görə də niyə bəzi mətləbləri yumşaltmaq və üzərindən keçməliyik? Axı bu ciddi hadisə və tarixdir. Hər məsələ öz adı ilə deyilməlidir. 1992-ci ildə Xocalı soyqırımı törədiləndə sovet ittifaqı yox idi. 1991-ci ildə Belojevsk müqaviləsi ilə rəsmən bu ittifaq tarixə qovuşmuşdu. Sovet ittifaqı olmadığı halda Sovet ordusu necə ola bilərdi? 366-cı alay Rusiyanın hərbi hissəsi idi. Rusiyanın iştirakı ilə artıq yeni birlik axtarışları başlamışdı. 1991-ci il dekabrın 21-də Almatida MDB formalaşmışdı. Ona görə biz Rusiya ordusunun bu soyqırımda iştirakını öz adı ilə qərarda göstərməliyik.

59.Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir, Bu Ermənistan –Azərbaycan müharibəsidir: (24.02.2017)

Qərar layihəsində Ermənistan - Azərbaycan – Dağlıq Qarabağ ifadələridir. Nəhayu ət ki biz doğru olan Ermənistan –Azərbaycan müharibəsi ifadəsini işlətməliyik. Azərbaycan unitar dövlətdir. Azərbaycan ifadəsinin içərisində Qarabağ da Naxçıvan da, Şəki də, Şirvan da və s bölgələr də yer alır. Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ ifadəsi zərərlidir. Dağlıq Qarabağı ayrıca ifadə etməklə düşmən tərəfin müstəqil subyekt kimi siyasi proseslərdə bu ifadədən istifadəsinə tutarqa vermiş oluruq. Ona görə qərar layihəsində Ermənistan – Azərbaycan müharibəsi ifadəsindən istifadə olunmasını münasib görürəm.

60.İslahatlar pensiyanın artırılması ilə müşayət olunmalıdır: (10.03.2017)


Bizdə demoqrafik trend fərqlidır, orta pensiya cəmi 110 dollardır. Pensiyaçını da daha çox bir şey maraqlandırır: bu dəyişikliklər onun pensiyasının məbləğinin artmasına səbəb olacaqmı? Ona görə də İslahatlar pensiyaçıların aldıqları pensiyanın məbləğinin qorunub saxlanılması və artırılması ilə müşayət olunmalıdır.
Beləliklə,pensiya islahatını həyata keçirməkdən ötrü siyasi, iqtisadi, sosial, demoqrafik və s. cəhətdən əsaslar və şərait olmalıdır. Nə iqtisadi, nə sosial, nə də demoqrafik baxımdan indi pensiya yaşının kişi və qadınlar üçün artırılıb 65 yaşa çatdırılmasının zamanı hələ yetişməyib. Əhalinin xeyli hissəsi belə bir qərara hazır deyil. Xüsusən də kişilər və qadınlar üçün pensiya yaşının bərabərləşdirilməsi indi münasib deyil.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed