Şrift:
Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi qaydası dəyişib
19.01.2020 [14:44] - Xəbərlər
Nazirlər Kabineti “Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi haqqında” qərar qəbul edib. Qərara əsasən, elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə elmlər doktoru elmi dərəcəsi üzrə 40 saat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 20 saat norması müəyyən edilib. İndiyə qədər dissertasiya işləri üzrə rəsmi opponentliyə görə saathesabı ödəniş haqları iddiaçının doktorantı və ya dissertantı olduğu elmi müəssisə və ali təhsil müəssisəsinin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilib.
Dəyişikliyə əsasən, bundan sonra bu müddəa iddiaçının adyunkt olduğu hallara, o cümlədən elmi təşkilatlara da şamil ediləcək. Başqa sözlə, dissertasiya işləri üzrə rəsmi opponentliyə görə saathesabı ödəniş haqları iddiaçının doktorantı, adyunktu və ya dissertantı olduğu elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.
Qeyd edək ki, rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilir. Qərara əsasən, həmin tədris məşğələlərini aparan professor və ya elmlər doktoruna saathesabı 14,70 manat, dosent və ya fəlsəfə doktoruna 10,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 6,80 manat ödənilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed