Şrift:
2019 – cu il bizə nə qazandırdı?
19.01.2020 [21:14] - Gündəm
Artıq adət halını alıb. İlin sonunda hər kəs o, ilin - şəxsin həyatında nə ilə yadda qaldığını hesablayır. Kimi evləndiyi üçün, kimi işə girdiyi üçün, kimi uşaq sahibi olduğu üçün və s. yola saldığı ili yadda qalan hesab edir. Əlbətdə, insanların şəxsi həyatında baş verən gözəl hadisələr bizim üçün sevindiricidir. Biz başqalarının xoşbəxtliyinə baxıb xoşbəxt olmağı bacarmalıyıq. İnsanların firəvan həyatı, ülvi məhəbbəti, karyera uğurları, səmimi fəaliyyətləri təqdirə layiqdir, xoşdur. Lakin, individual uğurlardan savayı bir də kollektiv uğurlar var. Bir xalq kimi, bəlli bir etnosa aid olan qrup kimi ildən – ilə kollektiv əldə edilən uğurlarımız da, inkişaflarımız da şəxsi həyatlarımızda baş verən müsbət hadisələr qədər əhəmiyyətli olmalı və bu uğurların daha da çoxalması üçün çalışmalıyıq.
Yola saldığımız il çətin il oldu. Ölkə olaraq insan haqqları sahəsində əldə etdiyimiz teorik proqreslər ən azı üzümüzə gələn 10 il ərzində hüquqi gedişatımızın trayektoriyasını cızacaq. Konstitusiyanın yeni redaktəsi, konstitusiya məhkəməsinin marixuananın dekriminalizasiyası ilə bağlı çıxartdığı qərar, diskriminasiya əleyhinə qanunun praktiki fəaliyyətə başlaması ilə qarşımıza çıxan yeni mövzular və bundan başqa sadalamadığım məsələlər bunu deməyə əsas verir ki, Gürcüstan hüquqi kontekstdə proqresiv yoldadır və vətəndaş cəmiyyətinin dəstəyi ilə bütün bu nikbin işartılara lazımınca yiyələnmək potensiyalımız var.
Ölkədə baş verən müsbət dəyişikliklərə baxmayaraq hələ də vətəndaş kimi üzərimizdə duran əsas vəzifələrdən biri seçki prosesində inzibati resursların dominant partiyanın leyhinə işləməsinə son qoymaq, seçki prosesində seçicinin aldadılması, satın alınması, “mükafatlandırılması” kimi utanc verici hadisələrə son qoymağa nail olmaqdır. Ən azından buna çalışmaqdır. Bundan başqa Gürcüstanın uzun illər ərzində qarşısında duran ən vacib problemlərindən biri milli azlıqların vətəndaş inteqrasiyası məsələsidr ki, bu sahədə dövlətin tərəfimizə olan laqeyd münasibətini heç bir hakimiyyət həll etməyib.
Bu problemin qarşısında dayanan əsas maneə sütünlarından biri soydaşlarımızın lazımınca aktiv olmaması və icraçı hakimiyyətə işləyən şəxslərimizin əsasən öz mənafeyini güdməsi durur. Üzümüzə gələn ildə bu kontekstdə vəzifəlilərimizə bir az da olsa üzünü öz xalqına çevirməsini arzulayıram! 2020 – ci il bu ildən daha çətin olacaq. Qarşıda bizi kifayət qədər əhəmiyyətli Parlament seçkilərinin gözləməsini nəzərə alsaq, deməyə əsasımız var ki, keçən illərdə müşahidə etdiyimiz biyabırçılıqları yenə müşahidə etmək ehtimalı çox yüksəkdir. Bundan dolayı soydaşlarımızın vətəndaş məsuliyyətli olmasını arzulayır, çəkici bir yerə vuracağımıza ümid edirəm.
Əziz xalqım! Mən heç kiməm! Məqsədim kiməsə ağıl vermək deyil. Heç kimnən də yüksəkdə durmuram. Mən sizin yanınızda, xalqımın yanında durmağa çalışır özüm üçün düzgün hesab etdiyim mövqeni müdafiyə etmişəm və müdafiyyə etməyə davam edəcəyəm! Siyasi kimliyindən asılı olmayaraq, sosiyal statusundan, milli mənsubiyyətindən hətta dilindən və dinindən asılı olmayaraq heç kim toxunulmaz deyil, heç kim əl çatmaz deyil, heç kim- heç kimdən yüksəkdə deyil. Dünyada olan ən ali vəzifə vətəndaşlıq vəzifəsidir. Bu vəzifənin məsuliyyətini dərk etmək vətəndaş bərabərliyi uğrunda vuruşmağa, sosial ədalətin bərpa olunmasına nail olmağa, ictimai münasibətlərdə sağlam rəqabətin təmin olunmasına xidmət edir. Bu mənada cibimizdə nə qədər pul olmasından, çiynimizdə neçə ulduzlu paqonun olmasından, kreslomuzun hansı keyfiyyətdə olmasından asılı olmayaraq üzümüzə gələn ildə bütün ölkəmizə vətəndaş məsuliyyəti arzulayıram. Ümid varam ki, tarixən mübariz xalqımız, öz milli və mənəvi dəyərlərini bilən, şərqdə irili – xırdalı, neçə- neçə dövlət quran bu vuqarlı millət pul qarşılığında şəxsiyyət və ləyaqətini satmağın çirkin əməl olduğunu dərk edəcək. Hamımıza kollektiv mübarizə, sağlam mövqe, ictimayi rəqabət və ən əsası layiqli vətəndaşlıq arzulayıram. Biz möhkəm olsaq, mövqemiz bərk olsa istədiyimiz və bu günə qədər əldə edə bilmədiyimiz hər bir şeyi əldə edəcəyik.
Sayğı və sevgilərimlə YENİ İLİNİZ MÜBARƏK!

Elnur Nazim
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed