Şrift:
Fərəc Quliyev:Tarif Şurasının qiymətləri, Problemli kreditlər, İsrafçılığa yol verilir və s...
20.01.2020 [14:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
13-cü hissə


61.Vətəndaşların layiqli pensiya alması hökumətin siyasətində önə çəkilməlidir: (10.03.2017)

Pensiya yaşı qaldırılanda Pensiya Fondu (DSMF) vəsaitinə və büdcədən həmin fonda transfertərinə nə qədər qənaət ediləcəyinə də aydınlıq gətirilməlidir. Bütün hallarda pensiyaya çıxanların sayı artdıqca nəzərəçarpan qənaətlər mümkün olmayacaq. Azərbaycan vətəndaşlarının layiqli pensiya alması məsələsi hökumətin siyasətində önə çəkilməlidir. Ona görə də bu istiqamətdə müvafiq mexanizmlər işə düşənə qədər ,pensiyaçılara dövlət dəstəyi təmin olunmalıdır".

62.Tarif Şurasının qiymətləri qaldırması ilə bağlı: (17.03.2017)

Keçən il daha çox Tarif Şurasının qiymətləri qaldırması ilə bağlı yadda qaldı. Bu da dolayısı ilə və birbaşa bəzi sahələrdə bazara təsir etdi. 15 faiz civarında bahalaşma oldu. Buna görə hökumət keçən il təqaüdlər və maaşlarla bağlı müəyyən addımlar atmalı idi. Hesab edirəm ki, bu il bu məsələ nəzərə alınar. Bu məsələ paralel aparılarsa, onda narazılıq da, təbii ki, aradan qalxar.

63.Təqaüdlərin qaldırılması: (17.03.2017)

Təqaüdçülərin də məsələsi ilə bağlı son vaxtlar gələn təkliflərə baxdıq. Hesab edirəm ki, müəyyən məsələlərə baxmaq lazımdır ki, sosial cəhətdən aşağı səviyyədə olan adamlar, çətinlikləri olan insanlar narazı qalmasınlar.

64.Problemli kreditlərlə bağlı: (17.03.2017)

İkinci məsələ problemli kreditlərlə bağlıdır. Mən keçən dəfə də çıxışımda problemli kreditlərlə bağlı bildirmişdim və hökumətə təşəkkür edirəm ki, onlar bunu aydınlaşdırmaq və şərh verməklə bağlı 15-ci maddədə müəyyən qədər yer ayırıblar. Amma mən kredit götürənlərin vəziyyətini yüngülləşdirmək üçün bir sxem təklif etmişdim. Əlbəttə, mən iqtisadçı deyiləm, amma təkrar etmək istəyirəm ki, əvvəlcə əsas borcun, sonra kredit faizinin, sonra isə cərimələrin qaytarılması ilə bağlı ən azından bir yüngülləşdirici sxem qəbul etmək lazımdır. Bu məsələ yerində dayanıb, tərpənmir. Elə etmək lazımdır ki, bu problemli kreditlərlə bağlı əhalimiz narazı qalmasın.

65.İsrafçılığa yol verilir-10 milyon manata 3 kənd salmaq olar: (17.03.2017)

Etiraf edək ki, çox ciddi israfçılıq vardır. Bunu bəzən ifadə etmirlər. Məsələn, mən fikirləşirəm ki, Hesablama Palatası baxanda bu məsələləri nəzərə almalıdır. Elə nazirliklər var ki, 10 milyon manat civarında təmir işləri görürlər. 10 milyon manata 3 dənə kənd salmaq mümkündür ki, hər bir kənddə 30 dənə məktəb, infrastruktur olsun. Bu qədər vəsaiti göyə sovurmağa dəyərmi? Müharibə aparan bir dövlətik. Bir normal, əlaqəli iş yeri olması kifayət etmirmi ki, bu qədər vəsaiti göyə sovururlar, bəzi nazirliklər israfçılığa yol verirlər. Mən hesab edirəm, bu məsələ ciddi şəkildə nəzərə alınmalıdır. Struktur islahatlarında da israfçılığa yol verməmək və qənaət rejiminə keçmək üçün tədbirlər görülməlidir.
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed