Şrift:
Peşəkar kadrların işə cəlb olunması prosesi davam edir
21.01.2020 [18:01] - Gənclik
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də (ASK) peşəkar kadrların işə cəlb olunması prosesi davam edir. ASC-dən bildirilib ki, qabaqcıl texnologiyaların, idarəetmə üsullarının və elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına tətbiqi uğurlu inkişafdan xəbər verir. Bu zaman prioritet istiqamətlərdən olan ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, müasir tələblərə cavab verən ixtisaslı kadrlara tələbat artır və kadr hazırlığının müasir standartlara uyğunlaşdırılması məsələsi ortaya çıxır. Ölkədə insan kapitalının inkişafı yüksək ixtisaslı kadrların hazırlanması, onların müasir bilik və bacarıqlara yiyələnməsi, eləcə də əmək bazarında layiqli yer tutmasının təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası, habelə ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdəndir. Məlum olduğu kimi, əmək bazarında kadrlardan istifadə işi tələb və təklif əsasında aparılmalıdır. Bu əsasən 3 qurum arasında həyata keçirilməlidir - işəgötürən tərəf, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bu qurumlar arasında sıx əməkdaşlıq olmalıdır. Nəticədə işəgötürən tərəf Təhsil Nazirliyinə ona lazım olan kadrların hazırlanması ilə bağlı təkliflərini verməli, nazirlik isə öz növbəsində metodiki plan və proqramı hazırlamalı və yekun olaraq, ali təhsil ocaqlarına hansı kadrların hazırlanması ilə bağlı sifariş verməlidir. Bütün ali təhsil müəssisələri kadr hazırlayan zaman işəgötürənin tələblərinə uyğunlaşmalıdır, çünki işəgötürən təhsil müəssisələrinə hansı mütəxəssisin lazım olduğunu daha yaxşı bilir. ASC bu istiqamətdə ciddi addımlar atmağa başlayıb. Buna nümunə olaraq ADA Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış anlaşma memorandumlarını qeyd etmək olar. Bu sənədlər qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və startapların tətbiqinə xidmət edir. Əməkdaşlığımızın nəticəsi olaraq, ölkəmizdə metallurgiya sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə Azərbaycan Dövlət Texniki Universitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçib. Təcrübə ərzində tələbələr “Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər və ümumilikdə MMC-nin digər istehsalat sahələri ilə yaxından tanış olublar. “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumu da bu istiqamətdə atılan silsilə tədbirlərin bir nümunəsidir. Qeyd edək ki, korporasiya kənd təsərrüfatı üzrə kadrların hazırlanması üçün Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə layihə planlaşdırır. Layihənin məqsədi tələbələri praktiki təlimlərə, tədris təcrübəsinə cəlb etməklə yanaşı, onlarda bu sahəyə maraq oyadılması, onların mütəxəssis kimi yetişdirilməsidir. ASC-nın “İnsan resursları və təlim” şöbəsinin perspektiv vəzifə və hədəfləri içərisində insan resurslarının inkişafı, eləcə də strateji istiqamətləri önəmli yerdədir. Belə ki, korporasiyanın və törəmə müəssisələrin əməkdaşlarının bilik, bacarıq və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, təkmilləşdirilməsi, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalar, texniki vasitələr ilə iş vərdişlərinə yiyələnməsi, eləcə də daim dəyişən və yenilənən əmək şəraitinə uyğunlaşmasını təmin etmək məqsədilə mütəmadi təlimlərə cəlb edilməsi nəzərdə tutulub. Təlim tələbatı daim olaraq dinamik xarakter daşıdığı üçün təlim tələbatlarının öyrənilməsi və onun əsasında tədrisin həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Buna görə də tələbatın öyrənilməsi işinin korporasiya əməkdaşlarının inkişaf strategiyasına uyğun həyata keçirilməsi nəzərdə tutulub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed