Şrift:
Şagirdlərin geyim formaları ilə bağlı ictimai rəyin öyrənilməsinə başlanılır
23.01.2020 [14:23] - Xəbərlər
2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılır. Təhsil Nazirliyindən verilən məlumata görə, layihəyə əsasən, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:
- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;
- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;
- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər. Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək mövzu bölməsinə “Məktəbli forması” yazılmaqla office@edu.gov.az elektron poçtuna göndərilə bilər. Təhsil Nazirliyi valideynləri, şagirdləri, müəllimləri, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış məktəbli formasının layihəsinə dair rəy, irad və təkliflərin göndərilməsində fəal olmağa dəvət edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed