Şrift:
Dünya Səhiyyə Təşkilatı koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edə bilər
23.01.2020 [14:30] - Xəbərlər
Dünya Səhiyyə Təşkilatının (DST) Çində və onun hüdudlarından kənarda koronavirusun yeni növünün yayılması ilə əlaqədar qlobal fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı yanvarın 23-də qərar verəcək. Bu barədə DST-nin baş direktoru Tedros Gebreyesus təşkilatın fövqəladə komitəsinin yanvarın 22-də Cenevrədə keçirilmiş təcili iclasından sonra mətbuat konfransında deyib. O, Çin hökumətinin atdığı addımların, o cümlədən koronavirusun yeni növünün peyda olduğu və əsas yayıldığı Uxan şəhərindən kənara nəqliyyatın hərəkətinin dayandırılmasının virusun ölkədə və xaricdə yayılmasının qarşısını almağa yönəldiyini deyib. "Çin hökumətinin etdikləri tam qətiyyətli, çox güclü tədbirlərdir. Onlar vəziyyətə əsaslanaraq uyğun hesab etdikləri addımları atırlar, bu, çox əhəmiyyətlidir",- deyə DST rəhbəri bildirib.
Baş direktoru məsələ ilə əlaqədar daha çox məlumat əldə edilməsi və müvafiq müzakirələrin aparılması üçün DST-nin fövqəladə komitəsinin iclasının yanvarın 23-də də davam etdiriləcəyini deyib. İclasın ikinci günü Çindən olan ekspertlər Uxandakı vəziyyət barədə detallı təqdimat edəcəklər.
Qeyd edək ki, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 574-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb. Digər ölkələrdə isə bu virusa yoluxanların sayı 7-dir. Çin hökuməti virusun yayılmasının qarşısını almaq üçün Uxandan kənara avtobus, qatar və təyyarə reyslərinə müvəqqəti qadağa qoyulub. Bundan başqa, şəhərdə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed