Şrift:
Sənaye müəssisələrinin ekologiyaya vurduğu zərərin azaldılması üçün tədbirlər həyata keçirilir
24.01.2020 [12:06] - Xəbərlər
Azərbaycanda iqtisadi inkişafın artımı, sənayeləşmənin genişlənməsi ilə paralel olaraq, ekoloji tarazlığın qorunub saxlanması, sənaye müəssisələrinin ekologiyaya vurduğu zərərin azaldılması üçün ciddi tədbirlər həyata keçirilir. Bunu ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib. Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir çox işlərin görüldüyünü xatırladan F.Cəfərov ölkəmizdə atmosferə atılan karbon dioksidin miqdarına ciddi nəzarətin edildiyini vurğulayıb. Bunun Avropa Komissiyasının hesabatında da öz əksini tapdığını deyən ekspert qeyd edib ki, 2018-ci ildə Azərbaycanda havaya buraxılan karbon dioksidin miqdarı 34.704 milyon ton, adambaşına düşən həcmi 3.5 ton olub. Onun sözlərinə əsasən, Azərbaycan havaya buraxılan karbon dioksidin həcminə görə dünya ortalamasının (4.968 ton) illik miqdarından daha aşağı səviyyədə qərarlaşıb.
F.Cəfərov bu baxımdan Azərbaycanın Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistanla müqayisədə daha əlverişli mövqeyə sahib olduğunu nəzərə çatdırıb.
Onun sözlərinə görə, istilik effektinin əmələ gəlməsində başqa amillərlə - səhralaşma, təbii qazların yaranması və s. ilə yanaşı, sənaye müəssisələrinin ətraf mühitə tullantılar buraxmağı da xüsusi əhəmiyyət daşıyır. Hazırda fəaliyyət göstərən yeni sənaye müəssisələri tullantıların düzgün idarə olunması məqsədilə yeni texnologiyalar tətbiq edirlər ki, bu da artıq öz müsbət nəticəsini verir: “Lakin bu gün problem olan məsələ nəqliyyat vasitələrinin həddindən artıq çox olması və tıxacların əmələ gəlməsidir. Hesab edirəm ki, bu problemin həlli üçün işlər daha sürətlə görülərsə, Azərbaycan ekoloji mühitin yaxşılaşması üçün daha böyük nəticələr əldə edəcək”.
Mütəxəssis ölkəmizdə çox sayda yaşıllaşdırma tədbirlərinin həyata keçirildiyini, bütün bunların da ekoloji tarazlığın qorunmasına xüsusi töhfə verdiyini söyləyib:
“Bütün magistral yolların kənarlarında yaşıllıq zolağı salınır, mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilir. Dekabrın 6-da dahi şair Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Bir gün ərzində 650 min ağac əkək” təşəbbüsü çərçivəsində respublikanın bütün regionlarında 650 mindən çox ağac əkilib. Bu kampaniya da ölkəmizdə ətraf mühitinin yaxşılaşmasına mühüm töhfə verəcək. Digər tərəfdən, Azərbaycan ekoloji durumun daha da yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində nəqliyyatda Avro standartını tətbiq edir. Bütün bunlar da atmosferə atılan tullantıların sayının xeyli azalmasına səbəb olub”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed